Haqqında


“Bir əsərdə ki, yazıçının ürək döyüntüləri eşidilir, dəruni arzularının, həsrətlərinin acısı, şirini duyulur, oxucu o əsərə biganə qala bilməz.
Bu keyfiyyət xüsusən elə əsərlərdə daha təsirlidir ki, onların süjeti zahiri konfliktlərdən çox daxili, psixoloji motivlər və təzadlar üstündə qurulur. Orada hər şey səhra çayı kimi sakit, təlatümsüz bir axınla, yavaş-yavaş, burula-burula axaraq hara isə baş alıb gedir. Bu çayın dərinliklərində nələr baş verdiyini hələ-hələ bilmək olmur. Maraqlıdır ki, sakit axan elə çaylar var ki, onların dərinlərində nələrsə qaynaşır, gözə görünməyən burulğanlar oynayır.
Yazıçı Nurəngiz Günün “Tanrı bəşər övladıdır” (“Gənclik”, 1984) povestində hadisələr otuz yaşlı Məryəm adlı gənc bir qızın mürəkkəb həyatı və ağır taleyi ilə bağlıdır. Həm də bu həyatın və taleyin çətin dönüşləri uzaqda, keçmiş illərdə qalmışdır və biz onlar haqqında Məryəmin Bakıdan gedən qatarda keçirdiyi həyəcanlı xatirələrində tanış oluruq.
Nurəngiz xanım öz qəhrəmanını sevə-sevə təsvir edir. Vaqondakı kədərli, fikirli, dalğın, həyəcanlı vəziyyətini, daxili aləmini elə canlandırır ki, biz bu başdanca onun mənən, ruhən təmiz, mehriban, insanları sevən, qayğıkeş bir qadın olduğuna inanırıq, onu sevirik və öz hisslərimizdə heç də aldanmırıq; həm zahirən, həm də daxilən gözəl olan bu qadının sevincinə, kədərinə şərik olur, onun gözəlliyinin, məlahətinin ətrini duyuruq…
Yazıçı qəhrəmanının çətin, dolam-dolaşıq həyatını örtmüş pərdələrini yavaş-yavaş, tələsmədən qaldırır. Bizə müəmmalı görünən həyəcanlarının səbəblərini aşkar edir. Hadisələrin təbii inkişafında, müxtəlif rəngli boyalarla Məryəmin keçmiş olduğu həyat yolu barədə aydın təsəvvür yaradır.
Nurəngiz xanımın əsərində yazıçı üçün çox vacib olan keyfiyyətlərdən birinə – səmimiyyətə söz ola bilməz. Bu gözəl və zəruri keyfiyyətin sayəsindədir ki, povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edir. Sanki o, həyatda, insanlar arasında gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldır…
Yaz, qızım Nurəngiz, yeni uğurlar sənə.”

Mirzə İbrahimov,
xalq yazıçısı
“Ədəbiyyat və İncəsənət” qəzeti
15 may 1987-ci il

“Azərbaycana şairlər diyarı deyirlər. Bu həm xoşbəxtlikdir, həm də bədbəxtlik. Bədbəxtlikdir ona görə ki, hamı özünü şair sayır. Xoşbəxtlikdir ona görə ki, Azərbaycanda çox böyük şairlər var. Əsil şairlər qalır tarixdə. Çox yazanlar var, amma az yazanlar qalır tarixdə. Nurəngiz xanım vaxtsız getdi dünyadan. Onun itkisi bizim üçün ağır oldu, vaxtsız oldu. Onun son kitabının adı “Qalanlara”dır. Qalanlar bizik. Biz durduqca, bizdən sonra gələn nəsillər durduqca ölməz şairəmizin sözü, şeiri həmişə yaşayacaq.”

Xalq yazıçısı Anar
5-ci şairlər günündəki çıxışından,
5 İyun 2015-ci il, Bakı Muğam Mərkəzi

“Bir il keçir əziz Nurəngiz xanmın vəfatından. Bu ağrı hamımızın ağrısıdır. Mən onu hələ radioda işlədiyi zamanlardan tanıyırdım. Onun şeirlərində də qəmli məqamlar var, həyatında da belə məqamlar az olmayıb. Amma bununla belə həyatsevər bir insan idi. Bu gün onu xatırlayarkən ürəyimizə ancaq xoş hisslər dolur. Bir söz var ki, sənətkar gedir, amma sənəti yaşayır. Bu söz müəyyən dərəcədə həqiqətdir, əlbəttə. Çünki nə qədər əsərləri var, nə qədər şeirləri var, kitabları var, sənətkar yaşayır. Amma hər halda Nurəngiz xanımın həyatda olmaması da bir həqiqətdir. Və bu həqiqətin acısını biz hamımız duyuruq.”

Xalq yazıçısı Anar
Xatirə gecəsi,
20 dekabr 2015-ci il, Mahnı Teatrı

“Min illik Azərbaycan poeziyasında insan gözü haqqında az deyilməyib. Amma mən Nurəngiz Günü gördükdən sonra elə bilmişəm ki, bütün bu sözlər onun gözləri üçün deyilib. Nurəngiz xanımın özündən sonra gözləri və sözləri qalıb bizə. Anası onu şair doğmuşdu. O narahat bir şair idi. Bu, insanların taleyi üçün, bəşəriyyətin taleyi üçün, vətəninin taleyi üçün keçirtdiyi narahatlıq idi. Bu gün onun sözlərinə ehtiyacımz var. Bu gün ikili stndartlarla yaşayan dünyamızda, beynəlxalq hüququn işləmədiyi, möhtərəm pezidentimz İlham Əliyevin də dediyi kimi, gücün başlıca amilə çevrildiyi dünyamızda Nurəngiz Günün sözlərinə, insanların taleyindən narahat sözlərinə ehtiyacımız var. Nurəngiz Gün 75 illik bir yol getdi. Çox qısa oldu, məncə. Amma təsəllimiz odur ki, bu yol davam eləyir. Bu gün də Nurəngiz Gün öz şeirləriylə, öz əsərləriylə birlikdə bizimlə yol gedir.”

Akademik Teymur Kərimli
Xatirə gecəsi,
20 dekabr 2015-ci il, Mahnı Teatrı

“Nurəngiz Gün bizlərə böyük bir ədəbi irs qoyub gedib. Gözəl şairimizdir. Çox mərdanə idi. Qələm dostu haqqında xatirə söyləmək ağırdır. Əbədi olaraq o dostun yolunu gözləyirsən.
O bir vaxt görmüşdü öz yuxusunu,
Deyirdi ağappaq göyərçin olub.
Axtar göyərtçinlər içində onu
Bəlkə o yuxusu indi çin olub.
Deyirdi ağappaq göyərçin olub…
Durnalar dönəndə bax, diqqət elə
Bəlkə qaranquşa dönüb o elə
Başqa yuva seçib, başqa bir ünvan.
O, nurdan doğuldu, gündən yarandı
Gün yaxdı, üfüqdə o nuru qaldı
Yaxşı ki, ikidir şair həyatı
Öz ömrü getdisə, söz ömrü qaldı.”

Xalq şairi Nəriman Həsənzadə
Xatirə gecəsi,
20 dekabr 2015-ci il, Mahnı Teatrı

“Azərbaycan poeziyasını vərəqləsək görərik ki, bizim ilk şeirimiz layla, bayatı olub. Deməli ilk şairlərimiz də analarımız olub. Azərbaycan poeziyasında Nurəngiz Gün kimi, sıravi yox, Gün olan Günlərimiz var. Məhsəti Gəncəvi, Natavan, Fatma xanım Kəminə, Umgülsüm, Ağabəyim Ağa, Heyran xanım və s. Bu siyahını XX əsrdə ünlü olan şair qadınlarımızla davam etdirə bilərik. Onların hamısının içindən həsrət dalğası keçib. Nurəngiz xanımın şeirlərində də əsas obraz dərddir, qadın azadlığıdır. O, dərdin gözəlliyini, kədərin incəliyini qələmə alan şairdir. Ritm, ahəng sərbəst şeirlərində elə bil musiqi kimi səslənirdi. Şeirlərinə ana obrazı hakimdir. O, Xocalı simfoniyası poemasında bütün dünyaya səslənir. Haqqımızı tələb edir.Nurəngiz Gün ədəbiyyata “Tanrı” povesti iə gəldi, şeirlərində Tanrıyla görüşdü və nəhayət öz Tanrısıyla qovuşdu.”

Professor Vaqif Yusifli
Xatirə gecəsi,
20 dekabr 2015-ci il, Mahnı Teatrı

“İlk əsəri -“Tanrı” povesti Ulduz jurnalında dərc olunanda hamılıqla qəbul olundu ki, ədəbiyyata yeni istedad gəlib. Nurəngiz xanım zəngin ədəbi mühitdə göründü, görünməyi bacardi. Nurəngiz xanım şeirlərinin özünəməxsusluğu ilə seçildi, şeirə özünə məxsus ideyalar gətirdi. Özünə məxsus intonasiya gətirdi. O, şeirin səsinin ustasıdır. O, Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətində xüsusi mövqeyi olan bir sənətkardır.
Nurəngiz xanım müxtəlif mövzularda yazırdı. Məhəbbət mövzusundan başlamış, ta ayrılıq mövzusuna qədər, kədər, hicran mövzusuna qədər. Yaradıcılığında Dağlıq Qarabağ münaqişəsi, Türk dünyasının birliyi, ictimai əhəmiyyətli mövzular öndə gəlirdi. Nə yaxşı ki, çoxlu sayda şeirləri, poemaları yadigar qaldı.”

Akademik Nizami Cəfərov
“Sənətkar ömrü” verilişindən, fevral 2015, AZ.TV

“O ədəbiyyata nəsrlə gəlib. Daha sonra poeziyaya köklənib. Nurəngiz Günün Azərbaycan lirikasına, fəlsəfi lirikaya verdiyi töhfələr yüksək qiymətə layiqdir. Nurəngiz Gün sözə gücü çatan, sözü ram edə bilən, sözü oynada bilən şairlərdəndir. Ona görədir ki, onun bədii dili, poetik dili özünə məxsus bir üslubdadır. Və bu üslub Nurəngiz Gün üslubudur. O, heç kimə bənzəmir. Onun fəlsəfi lirikası, ictimai lirikası, Qarabağ mövzusu, ümumiyyətlə insanın bu dünyadakı missiyası, dünyanın özünün vəziyyəti, siyasi vəziyyət, ictimai vəziyyət, insanların mənəvi aləmi-bütün bular Nurəngiz Gün poeziyasının mövzu müxtəlifliyini, mövzu rəngarəngliyini təmin edən cəhətlərdir.
Nurəngiz Günün, şübhəsiz ki, insani keyfiyyətləri çox yüksək idi. Bir ana kimi qiymətəndirərək demək istəyirəm ki, əvəzsiz idi. Onunla, övladı, görkəmli ədəbiyyatşünas alimimiz, professor, millət vəkili Jalə xanım vasitəsilə tanış olmuşam. Jalə xanımın istedadının qaynağını məhz mən anasında-Nurəngiz Gündə görmüşəm. Nurəngiz Gün gün kimi batmadı. Onun sözü qaldı, onun əsərləri qaldı. Bir şeyə təəssüf edirəm ki, sözünü bizə verdi, amma gözünü heç kimə vermədi.Hətta canından artq istədiyi övladı Jaləyə belə o gözlərini vermədi, özüylə apardı. Əbədiyyət yolçuluğuna çıxan Nurəngiz Gün bu gün bizim ədəbiyyatımızın da yolundadır. Bu gün bizim ədəbiyyatımızın say seçmə nümayəndələrindəndir. Və mən elə bilirəm ki, onun yaradıcılığı hələ bundan sonra tədqiq ediləcək. Nurəngiz Günün yaradıcılığı haqqında araşdırmalar aparılacaq, onun layiq olduğu qiymət məhz bundan
sonra veriləcədir.”

Akademik Teymur Kərimli
“Sənətkar ömrü” verilişindən, fevral 2015, AZTV

“Mən onu hələ Azərbaycan radiosunda diktor olduğu vaxtlardan tanıyırdım. O, həm daxilən gözəl idi, həm də xaricən. Mənəvi gözəlliyin və zahiri gözəlliyin vəhdəti idi. Nurəngiz Gün müharibələrə poemalar həsr edən şairədir. Xüsusilə torpaqlarımızın işğalına, başımıza gətirilən müsibətlərə dözə bilmirdi. Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrində Nurəngiz xanımın çox görkəmli xidmətləri var. Çox gözəl bir insan itirdik biz. Çox gözəl bir qələm dostu itirdik biz.”

Xalq şairi Nəriman Həsənzadə
“Sənətkar ömrü” verilişindən, fevral 2015, AZTV

“O özü bir şeir idi. Onun təbiəti özü poetika idi. Poeziya ilə, şeirlə ekiz doğulmuşdu. Qəlbə, ruha işləyir onun şeirləri. Xüsusilə Qarabağ mövzusunda, Xocalı poemasında Nurəngiz xanm elə bil öz içini yandırırdı. O şeirlər, içəridən çıxan bir ah, nalə kimi haray kimi səslənir. Nadir insan idi. Heyf… Tez getdi. Amma şeirləri yaşayır, şeirlərində yaşayacaq. O, bir işıq kimi gəldi, işıq kimi də çatışmır indi həyatımızda.”

Xalq şairi Fikrət Qoca
“Sənətkar ömrü” verilişindən, yanvar 2015, AZTV

“Onu ilk dəfə Yazıçılar Birliyində gördüm. Və ona valeh oldum. Onun dünyagörüşünə, onun dünya fəlsəfəsinə vuruldum. O heç vaxt başqalarından fərqli olaraq şəxsi xahişlər, şəxsi təmənnalar üçün, gəlməzdi Yazıçılar Birliyinə. O, əsil şair idi. Mən onu rus poeziyasından Marina Svetayeva, Bella Axmadulina kimi şairlərlə müqayisə edə bilərəm. Eynilə şeirin vüsətinə görə, şeirin qeyri-adiliyinə görə, şeirə qadın poeziyasında təzə ab-hava gətirdiyinə görə həmin qadınlarla müqayisə edə bilərəm. Bir çox cavan nəsildən olan yaradıcı insanlar üçün, şairlər üçün onun şeirləri vətənpərvərlik cəhətdən böyük nümunədir. Nurəngiz Günün “Xocalı simfoniyası” poeması poeziya aləmində böyük bir hadisə oldu. O, bu poema ilə göstərdi ki, insan heç vaxt sevimli vətənində gedən prosesərdən təcrid ola bilməz və mütləq öz vətəndaşlıq mövqeyini xalqın ağır zamanında göstərməlidir. Necə ki, Nurəngiz xanım göstərdi!”

Millət vəkili, xalq yazıçısı Elmira Axundova
“Sənətkar ömrü”verilişindən, yanvar 2015, AZTV

“Nurəngiz Gün ədəbiyyata fərqli bir dövrdə gəldi. Heç kimə bənzəmirdi. Bir az sərbəst ruhuyla, şeirlərinin ahəngiylə, nəğməsiylə, hadisələrə özünə məxsus yanaşmasıyla, şeirlərinin yeni obrazlar sistemiylə, yeni poetik düşüncəylə, sanki daha əvvəllər bəlli olan çərçivələri yıxdı. Nurəngiz Gün elə bil ki, öz ağrılarından, öz baxışlarından, öz keçdiyi yoldan, öz həyatından yazırdı. Amma bu həyat həm də xalqın həyatının bir parçası idi. Azərbaycan qadın poeziyası çox unikal bir hadisədir bizim tariximizdə. Az qala min illik yaşı var. Məhsəti Gəncəvidən üzü bəri şeirimizin çox böyük bir qadın qolu var. Və bu qol ümümiyyətlə humanist mahiyyətinə görə, insan sevgisinə görə, fəlsəfi problemlərə qadın baxışına görə, insan taleyinə görə, millətinn taleyinə görə, həm təbiətə, həm ekoloji mühitə son dərəcə həssas münasibətiylə seçilir. Nurəngiz xanım millətinin ürək ağrısını yazırdı. Son 25-30 ildə yaşadıqlarımızın hamısı onun poeziyasında öz əksini tapıb.
Nürəngiz Günün bu müharibəyə, bu ədalətsizliyə, Azərbaycan xalqına qarşı basqıya və dünyanın bu açıq-aşkar işğala qeyri-adekvat cavabına, dünya miqyasında Azərbaycana ikili standartlarla yanaşmaya, üzləşdiyimiz bu soyqırım hadisəsinə üsyanı idi “Xocalı” poeması.
Məncə “Tanrı” povesti özü də bir poetik əsərdir. Bu əsər onu göstərirdi ki, Nurəngiz Gün ədəbiyyatda nasir olaraq qalmağa gəlməyib, sənətkar oxucuyla sonradan lirikanın diliylə danışacaq. Onun həm nəsrində, həm də şeirlərində gizli, daxili dramaturgiya var. Onun yaradıcılığı göstərdi ki, Nurəngiz Gün həqiqətən şairdir. Nurəngiz Gün şeirlərinin qeyri-adiliyi ilə bizim poeziyamızda əbədi qalacaq.”

Xalq şairi Sabir Rüstəmxanlı
“Şeirin günəş nuru” verilişindən, fevral 2015, İTV

“Ədəbiyyatda heç kəsin yerini tutmurdu. Öz cığırını, sonra isə öz yolunu bəlirlədi. Və bizim xanım yazarlar arasında öz səsiylə, səsinin ahəngiylə seçildi. Burada səs artıq, sözə dönmüşdü. Söz şeirə çevrilmişdi.
Mən Azərbaycan poeziyasında xüsusilə qadın yazarlar arasında çiçəklərə, güllərə, təbiətə, təbiətin bütün atributlarına, fəsillərə ən çox məhrəm olan, elə bil ki təbiəti ürəyinə köçürən iki şairə tanıyıram. Biri Nigar Rəfibəyli, biri də Nurəngiz Gün. Bu təbiətlə yaxınlıq, insanın öz ürəyiylə təbiətin birləşməsindən irəli gəlir. Mən onun haqqında yazdığım bir məqaləni “Nurəngiz Günün ağ çiçəkləri” adlandırmışdım. Çiçəyə aşiq olmaq, gülə aşiq olmaq onların şeiriyyətini duymaq deməkdir. Onun elə şeiri yoxdur ki, orada çiçəklərin ətrini görməyəsən.
Bir quşun dırnağının yaralanmasına dözə bilməyən bir qadın, yüzlərlə, minlərlə həmyerlimizin soyqırımına məruz qalmasına necə dözə bilərdi? Azərbaycan poeziyasında Xocalı haqqında çoxlu yazılar var. Amma Nürəngiz Günün “Xocalı Simfoniyası” poeması tamamilə başqa bir səpkidə yazılıb. Burada qırğınlara məruz qalan heç bir insanın adı çəkilmir. Sadəcə olaraq həşəm olub torpağa qarışanların ruhu dilə gəlir. Poemada obrazların diliylə şair soruşur, “bu öldürülən uşaqlar yerin altında da top top oynayacaqlar mı görən? Onlar o dünyada bənövşələri qoxlaya biləcəklər mi?” Xocalı simfoniyası sanki dünyann bu qurğusuna, Azərbaycana qurulan bu qurğuya böyük bir etirazdır.
Ədəbiyyata “Ulduz” jurnalında dərc edilən “Tanrı” povesti ilə gəldi. Sonra daha bir povest yazdı. Onun povestlərinin içində şeiriyyət var. Elə o zamanlar hiss edirdim ki, Nurəngiz xanım haçansa şeirlər yazacaq. Zənnim məni aldatmadı. Nurəngiz Gün poeziyası öz adının mənası kimi, Gün kimi aydın bir poeziyadır. Bu poeziyada 20-ci əsr Azərbaycan qadınının taleyi, Vətənə məhəbbəti, təbiətə məhəbbəti, böyük Nazim Hikmətə məhəbbəti, Məmməd Araza məhəbbəti, gülə, çiçəyə, ota, bənövşəyə, torağaya, bülbülə məhəbbəti yer alır.”

Professor Vaqif Yusifli
“Şeirin günəş nuru” verilişindən, fevral 2015, İTV

“Nurəngiz xanım heç kimi təkrarlamadı. Yalnız özünə məxsus idi. Yeni şeirlər söylədi. Özünə məxsus bir yolu olduğu üçün fərqliydi. Təbii ki, Nurəngiz xanım özünə məxsusluğu, heç kimi təkrarlamaması ilə diqqətləri cəlb elədi. Onun ən önəmli xüsusiyyətlərindən biri, poeziyasında milli məsələlərə xüsusi yer verməsi idi. Azərbaycanla bağlı mövzular, xalqımızın ağrı-acısı, kədəri, faciəsi onun yaradıcılığından heç zaman yan keçmədi.
Böyük şairlər, böyük yazarlar sevgi dolu olurlar. Yəni bu o qədər böyük sevgidir ki, ətrafda baş verənləri başqalarından daha fərqli duyğularla hiss edə bilirlər. Nurəngiz xanım da həmin böyük sevginin təzahürü idi. Yaradılanı yaradandan ötrü sevirdi. İnsan onun üçün çox önəmli idi. İnsanın duyğuları, bu duyğuların incidilməsi, insana qarşı edilən hansısa xoş olmayan hərəkətlər. Onun şeirlərində biz bunları görürük.
Sanki həmin gün Nurəngiz xanım özü Xocalıda olub. Sanki o övladını itirən ananın biri odur. Sanki öz əzizini, bacısını, qardaşını itirənin biri odur. O, ağrını hiss edərək, ağrını paylaşaraq yazıb bu poemanı. Bəlkə də Xocalıdan olan yaxınlarını itirmiş, köçkün düşmüş insanlarımızın hər birinin oxuduqları zaman, mən bunu belə yazardım, deyəcəyi şəkildə yazıb bu poemanı.
Onun povestləri də şeirləri qədər güclüdür. Nurəngiz xanım həm poeziyada, həm nəsrdə, həm də insani keyfiyyətləri ilə özünə məxsus idi. Həyat dolu bir insan idi. Həyata sarılan, yaxşılıq edən, gələcəyə ümüdlə baxan bir insan idi.”

Millət vəkili Qənirə Paşayeva
“Şeirin günəş nuru” verilişindən, fevral 2015, İTV

© 2020 Nürəngiz Gün . Powered by WordPress. Theme by Viva Themes.