Şeirləri

İNSANLARSIZ NƏYƏ LAZIMSAN, DÜNYA

İnsandır şeirimin
ilki və qurtaracağı.
İnsandır şeirimin
Odu, ocağı.
İnsandır yer üzünün
Çiçəklərdən əzəl bəzəri.
İnsandır, insandır
Şeirimin rişəsi, özəyi.
İnsanların hamısı-
cavanı da, qocası da,
qarası da, sarısı da,
İnsanların azadı da,
dustağı da,
narahat ömrümün döyüntüsüdür,
İnsandır düşüncəm də, nəfəsim də.
İnsandır nəğməm də, titrəyən səsim də..
İnsanlarsız nə dəniz, nə sahil, nə qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
1981

QİBLƏM ATƏŞGAH OLACAQ

Kölgə sözü yaddır mənə.
Heç kəsin kölgəsində
yorulub qalmamışam.
Kölgəsində itmərəm heç kəsin.
Kölgə – sürünənlər məskəni!
Zərrəyəm, hər nəyəm
Heç kimə əyilmərəm,
Heç kimə baş əymərəm.
Əgər səcdə edərsəm,
Qibləm atəşgah olacaq!
Təşəkkürüm buğda, çiçək,
Ana südü…
Su və könül atəşi,
Bir də Günəş olacaq.
1980

TƏKCƏ ŞEİRLƏRİM OXUNARSA

Şöhrət adamı deyiləm,
Şöhrət səs-küyündən bezar qalmışam.
Zorla heç bir mükafat-filan da almamışam,
Mən də belə, bu cürə adammışam.
İstəmirəm nə qışqırıq, nə səda
İstəmirəm bircə qırıq şöhrət payım olsa da.
İstəmirəm! Qalansın şan-şövkət qalaqlarına.
Təkcə şeirlərim oxunarsa, bu mənim səsimdir,
Pisə pis, yaxşıya yaxşı toxunarsa,
Daha heç nə istəmirəm, vallah bəsimdir.
1981
QAÇIRAM

Boş haylardan
haraylardan,
təmtəraqlı
otaqlardan, –
saraylardan qaçıram!
Yersiz gülüşlərdən,
saxta, yaltaq öpüşlərdən
qazanc güdən,
söz üyüdən
görüşlərdən qaçıram!
Əli baltalı qollardan
dolam-dolaşıq yollardan,
boş küylərdən,
kələklərdən qaçıram!
Qarmalayıb səadətimi
özgəsinə sovqat verən,
sürükləyən
«küləklərdən» qaçıram!
1980

QƏFƏS BÜLBÜLÜ

…Pulum olmasaydı,
ala bilərdimmi
bu qəfəs bülbülünü?
Düz bir il əqdəm
itiribmiş
çəmənini, gülünü.
Bir mahir ovçunun
şikarı bülbül!
El içində sevdalı eşqinin
aşkarı bülbül!
Uç, uç!
Aldım bu qəfəsi,
açdım bu qəfəsi,
Açdım və buraxdım səni.
Uç, uç!
Geniş ormanlar yaxşıdır.
Baxma ki, pələngi, aslanı var.
Uç, uç!
Ormanlar bir yaşıl nağılın yağışıdır…
Pulum çatdı
bu biricik qəfəs azadlığına.
Və əgər,
İşdi-şayəd,
pulum daha çox olarsa,
onda açıb buraxacam
dünyadakı
bütün
haqsız
qəfəs düçarlarını!

1979
İKİ QOLUM

Dünya başımın içində,
başım dünyadan ağır.
Qoydum ağırlığımı qollarım üstə
Gördüm ki, qollarıma yağış yağır.
İki qolum iki daş sütun.
İki qolum – ikisi də daş kimi yorğun.
İki qolum – ikisi də uyudular bu yağmura
Ehe-he-he-he-he-hey!.. Venera!..
Qollarımı ovuşdur.
Venera! Qolların hanı?
Bir sığala möhtacam.
Venera! Az qalıb, azca qalıb…
Bir az sonra,
qollarımın iki əli,
iki əlin lələk-lələk barmaqları
çırpınıb-çırpınıb
yerə düşəcək –
Bir az sonra,
azca sonra
içimdə
bumbuz,
lal bir soyuq
üşüyəcək.
1983
MİN İL SONRA

Görən
min-min illər indən sonra
Neytron qorxusundan
maya çəkmiş körpəcələr
Necə nə cür düşünəcək,
arxamızca nə deyəcəklər?
Lüğətləri olacaqmı?
Lüğətlərində
“müharibə”,
“eşalon”,
“talon”,
“Zəmanət”,
“əmanət”,
“əmanət kassası”
Yaxud tutalım “səbr kasası” – xülasə,
bənzər daha başqa-başqa sözlər
yurd salacaqmı?
Min il sonrakı uşaqların
Oyuncaqları olarsa,
Oyuncaqlara başları aldanmazsa?
Aldanmaq necə?!
Görən
ətli, büzük dodaqları
yenə də sallanacaqmı?
“Məhkəmə”, “Akt”, “İnfarkt” –
Yəni belə-belə zarafat
Gedib onlara çatmaz ki,
Sallanmaz ki, ömürlərindən?
Görən min-min illər
İndən sonrakı körpəcələr
Bizdən küsəcəklər
Ya özlərindən?
1982
BU BALACA QIZ

Bu balaca qız
bu balaca gəlincikli
bu balaca qızcığaz
məndən sonra da
olacaq
Bu balaca qızın könlünü oxşayanlar da olacaq,
Bu balaca qızın xətrinə dəyənlər də olacaq,
Bu balaca qızı, sevib bəyənənlər də olacaq.
Bu balaca qız gəlin olacaq, yep-yekə ana olacaq.
Bu balaca qızın balaca-balaca doğruçu gəlincikləri olacaq.
Evi də olacaq, vargəl edəcək, vaxt tapınca, gizlincə ağlayacaq. –
Divarlardan leşkər-leşkər qəm yükü, ayrılıqlar boylanacaq…
Evində, əlləri belində, bir hökmüran ər də dayanacaq,
Bu leşkərin üstündən elə hey quylanacaq!
Bu balaca qız, bax beləcə, qarıyacaq, nənə olacaq.
Aman allah! Bağ-bağçası, qönçələri, bütün gülləri solacaq!…
Bu balaca qızın toxunmayın qəlbinə!
Bir gün, bir gecə,
ömrün hansısa bir astanasının
hansısa bir sonuncu pilləsində
eləcə
sonuncu dəfə durub dayanacaq.
Astananın başlanğıcında
başqa gəlincikli
başqa bir balaca qızcığaz
pərvanətək
qanad çırpıb fırlanacaq…

AY BU ATIN YÜYƏNİNİ APARAN

Ay bu atın yüyənini aparan!
Görmürsənmi türrə saçlar dağılıbdır rüzgara?
Ay bu atın yəhərini qoparan!
Görmürsənmi, alma gözlər qalıb yalvara-yalvara?

Ay bu atı abdal edən çöllərdə!
Allahdan qorxmadın, kimdən qorxarsan?
Ay bu atı məğmun edən ellərdə
Bəsdir bunca yandırarsan, yaxarsan.

Onun qəlbi səninkindən qəlbidir,
dar günündə köməyinə gəlibdir.
İndi giryan qalıb, gözü dolubdur,
fınxırır, kişnəyir, dəli olubdur.

Sən bu atın vəfasına sataşdın,
duyuq saldın insanlardan, a zalım!
Yaralandı, yarasına daş atdın,
Utanmadın haqsız qandan, a zalım!

Ay bu atın yüyəniylə oynayan!
Zaval tutar, yiyəsizdir, itəcək!
Ay bu atı düzənlərdə tək qoyan!
Yüyənsizdir, baş götürüb gedəcək!…
1980
DÖYDÜM QAPINI

Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm var, bir bəmbəyaz gülüm var.
Qürbətdən gəlirdim.
Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
– Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq…
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox,
At gətirərdim, həyat gətirərdim.
At ucalıqdır, həyat – qanadlı bir nağıl!…
At gətirərdim, həyat gətirərdim.

1978
GƏL BİRLİKDƏ UNUDAQ

Əllərimin içinə ağlama,
ağlama qızcığaz,
ağlama, canım, həyanım!
Bilirəm, yox məndən qeyri kimsəyə gümanın.
Sənə verəcəyim –
Hələlik bunlardır:
Çörək, su, yataq…
Anan da ola bilərəm.
Amma nə dadını, nə qoxusunu
verə bilərəm ananın
heç cürə.
İllərdir mən özüm gəzirəm
itirdiyim o tamı, o duyğunu.
Gəl razılaşaq.
Gəl, körpə qızcığaz!
Gəl, gəl, çətin olsa da
Gəl birlikdə unudaq
o ana qoxulu, –
o rəngbərəng,
o «yalqızlıq» qorxulu –
O buludunda, selində boğulduğumuz,
O sap-sarı rüzgarında solduğumuz
O səmum yelli yuxularımızı, qız!…
…Çırpıldım qayaya, çırpıldım dağa həyan olmadı.
Nə dəniz eşitdi, nə çay eşitdi,
duyan olmadı.
Qıvrım telli qızcığaz!
Əllərimin içindəki qıvrım telli başını qaldır
Kədərini anlayıram.
Sənin dərdin öz dərdimə uyğundur.
Əllərimə ağlama, ağlama qızcığaz, ağlama,
Ovuclarım onsuz da yaş əlindən yorğundur…
Gəl razılaşaq!
Gəl, gəl, qıvrım telli qızcığaz.

1983
MƏSƏLƏ 1983

“Cəbri-üsul”, “Cəbriyyətun”. “Əl-cəbr”, “Alqebra”.
Çətinmiş, çətin. Mən hara, bunlar hara?
Əlqərəz, “Cəbr”.
Səbr elə, səbr.
Əvvəl böl, sonra vur, ind çıx.
İndi də bir-birinin üstünə gəl.
Əngəldir. əngəl.
Bir yandan da bu kəsr!
Nəfəsimizi kəsir!
Hələ bu harasıdır?
Məsələnin yarısıdır.
Çox şeyləri anıram,
yüzdə biri qanmıram.
Bax bu 100, bu da 1.
Yəni rəqəm-100, başında tir,
üstündə bir.
Bax, bu cür:1/100
Tapdım təsəlli,
beləymiş həlli:
Yuxarıdakı ömür,
altdakı qayğı.
Vay səni! Heç bilməmişəm, nə yaxşıymış uşaqlıq çağı?..

1983
BELƏ İŞLƏR

… Əvvəl sən gəldin,
Sonra bu kədər.
Əvvəl sən tovladın,
ovçu sonradan ovladı.
Əvvəl özül, sonra divar. –
Əvvəl sən başladın,
sonra dedi-qodular.
Əvvəl sən güldün,
indi mən.
Əvvəl mən öldüm,
indi sən.
Ah məhəbbət!
Sənə də rəhmət,
Mənə də
1984

BOŞLUQ

Bomboş bir səssizlik,
bomboş…
Boşluqda nə sevgi, nə nifrət, nə səadət, nə hiss. nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!
1980

GÖZƏLLİK

Gözəl nədir?
Məndən soruşardılar.
Uşaq idim,
cavab verərdim:
Tükü yumşaq xor-xor pişik,
evimizin içindəki
özümünkü
cuqqulu gəlincikli ev-eşik.
Gözəl nədir?
Məndən soruşardılar.
Cavan idim,
belə dedim:
Gözlərinin odu şimşək,
enli kürək,
ucaboy,
qara telli,
qatır yelli bir igid.
Böyümüşəm, yep-yekə adam olmuşam.
Anladım,
pişiyin vəfasını.
Anladım,
igidin cəfasını.
Anladım,
yalançı gəlincikli
yalançı evciyimin
müvəqqəti səfasını.
Çox qəribədir, çox qəribədir
Yenə soruşun məndən,
Soruşun insanlar,
soruşun.
gözəl nədir?
Gözəl:
Sərgüzəştini tez-tez
Göyçək Jaləmə nəql etdiyim
Damda yaşayan Karlson.
Gözəl:
Paris Notrdam kilsəsinin Qvazimodası.
Gözəl:
Kozettanın oduna yanan,
yaxşılığına sədəqə almayan
Jan Valjan.
1979

EHTİYAT

Vay səni, vay, qəvi ehtiyat!
Səninlə yaşamaqdan can boğazdadır.
Yediyim, içdiyim lap zəhər dadır.
Əgər kişi olsaydım, sən də arvadım,
səni tutub boğardım.
Bacarmazsam, heç olmazsa, boşayardım.
Heyf! Nə mən kişiyəm, nə də sən arvad.
Səni nə boşamaq olur, nə boşlamaq.
Nə hır qanırsan, nə zır, nə də ki, bir zat.
Qərəz, qanımıza bir zəlisən, ehtiyat ha, ehtiyat!…
1985
AÇIQ SÖHBƏT

Həkimlər altı il oxudular.
Hələ ki, nə Hippokrat, nə də İbn-Sina var.
Fiziklər beş il. Uzağı, kimsə bir neytron qayırdı,
dünyanın başı üstdən yaman hayqırdı.
Hərifsənmiş, Cordano! Baş çatlatdın,yol açdın, anlatdın,
andın,
axırda da zəncirlənib odlarda yandın!
Bəs rəssamlar neçə il öyrənib oxudular,
rəngi rəngə yaxdılar? Bilmirəm.
Təkcə bunu bilirəm, heç bir tablo önündə ağlamıram, gülmürəm.
Belə, bir cür, sərindir çölüm…
Heyf sənə, Osman oğlu Pirosmani! Yazıq Əcəmi!
Əgər ki, olmasaydı bir ayrılıq, bir ölüm!…
Hə, artistlər də dərs alır, düz dörd il!
Canım, istedada nə müəllim?!
Meymun var ki, rejissoru, qrimi yox, kirpik vurar, qəşş edərsən,
Artist var ki, Dançenkonu əzbər bilər,
nə oynarsa, sinirlənərsən.
Bəs şairlər? Onlar da bir cürə “Əhmədi-biqəm!”
Şairliyin nə məktəbi olmuş, nə dərs kitabı bineyi-qədimdən.
Elə belə fəhmdir! Kimsə bilməz bu fəhm
hardan, necə gəlibdir.
İntəhası, Füzulidən sonra ağlayanı yoxdur, balam!
Yanıb babamızın canı, «oyadıb xəlqi əfqanı».
Sinəsi dərdliydi, ulduzlar yerləşmədi.
İndikilərin ulduzlusu çoxdu, balam!
Gün çıxanda, mədhiyyələrini günə verirlər,
Axşam düşəndə, masabəyi libasında gedib saraya girirlər.
«Toy-bayramdır bu dünyanın işləri»,
Ay ağlayan! Gəl bəri!…
1983

QALANLARA

Ölənlər vardı,
ölənlər ki-
Nə ölümə yaraşıb,
nə ölümü düşünüb öldülər.
Bir vaxt dərdü-dilimi,
dünyanın işlərini
bölənlər vardı,
bölənlər ki,-
Sonsuzluq karvanına qoşub getdilər.
İndi qalanlar var.
Hələləik
torpağın üstü,
günəş, ay,
dərin-dərin dəryalar
sizindir.
İşlədiniz bol-bol,
istədiyiniz qədər, qalanlar!
Axı,
dərin-dərin dəryalara,
Günəşə,
Aya
nə var?!
Ən əbədi yalnız onlar.

1980
YOL GEDİRƏM

Dodaqlarımda təbəssüm.
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı…
Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir… varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim
Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,
Sərt qayalar, soyuq dəniz
Qərib canla, bu tək cana, qürub çağı
Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Jaləm və titrəyişim…
Yol gedirəm, yol olanadək.
1984

İLĞIM

Qarşıda qış yuxusu, gümüş ziyalar əsmədə,
Qarşıda quş yuxusu, ruhum eyzən titrəmədə.
Uzaqdan rənglər qarışır, yuxularım qımışır,
Uzaqdan bir səs qışqırır, taleyimdir, ardımca qoşur,
Qarşıda ocaq odlanır, bütün xırman çırtıldayır,
Qarşıda xaniman yanır, fərqində yoxam, qollarım çatmır…
Uzaqdan ömrümü sellər aparır, gecdir, girincdir, əfsus!
Uzaqdan arzular fəryad qoparır, heçdir, bivecdir, əfsus!…
1984
BİZ Kİ QU QUŞLARIYDIQ

İkimizə bir yuva,
İkimizə bircə dən… Bəs idi.
Qonşularımız idi yaşıl göllər.
Amma dimdiyimizə sıxılan
«o tək damla»
demə təsəlli imiş göylərdən. Bəs idi.
Biz ki, qu quşlarıydıq.
Bizim öz mahnımız vardı,
Sədasına üfüqlər oyanardı…
Biz vardıq. Biz asimandaydıq.
Biz buludları yarırdıq,
qıyy vururduq, yorulmayırdıq!
Günəşi çətir tutub başımız üstünə
Kimdən ki, qorunduq?
Biz ki, qu quşlarıydıq!…
Başımız «cənnət ağacının» budaqlarında,
üzümüz «Xədicə çiçəyi» dodaqlarında,
dilimiz üstündə buğda duası öldük.
Təəssüf yox idi ölümümüzdə,
O imiş deyirəm gördüklərimiz.
Nə dəryaz var idi, nə xırmanımız,
Aman, ovçu!!!
İndi, qov kimi bu boşluqda
Hey uçur, hey uçar…
Günahsız ruhumuz, xəyallarımız.
Ah, biz ki, qu quşlarıydıq!?.
1982
AY LOLO

Ay lolo,
bir yağışa bulandım,
Ay lolo,
sərkərdan tək dolandım.
Ay lolo,
çək əlini başıma,
Ay lolo,
Heç ağlayıb dolandım?

Ay lolo,
Sevinəndim, güləndim,
Ay lolo,
bir sevgiyə büləndim.
Ay lolo,
Gül bağçamı aldılar,
Ay lolo,
yağış olub, çiləndim.

Ay lolo,
Qurutdun bu dəryanı,
Ay lolo,
od hanı, büryan hanı?
Ay lolo,
tutuldu ki, gözlərim,
Ay lolo,
İtirmişəm dünyanı.

Ay lolo,
İndi mən hara gedim?
Ay lolo,
haram var, hara gedim?
Ay lolo,
Qəribəm, bir yol göstər,
Ay lolo,
Hansı diyara gedim?
1979
CADUGƏRMİŞ BU AYRILIQ

Oh tanrım! Bu ayrılıq məni dəli edəcək.
Bu ayrılıq mənlə nələr etməyəcək?!
Bu ayrılığın gözü kordur.
bağçasında güllər solur, rənglər səssiz pozulur, görməyir.
Bu ayrılığın qulağı kardır
komasını fəryad dəlir, keyəlmişdir, fikir verməyir.
Dili də lal bu ayrılığın.
Kilidi ağır sallanıb, susar, bir söz söyləməz.
Bir qayaymış bu ayrılıq.
Dim-dik baxar üzümə, göynəmlər əsər eyləməz.
Əl çəkib yarama incitmə, tanrım!
İçində viranələr varsa, sən çox da cəhd etmə, tanrım!
Bir quyuymuş bu ayrılıq.
Udub gülüşlərimi, mat qoyub, qurudub məni.
Sıxıb o dev yuxusuna, yırğayıb, uyudub məni.
Bu yırğada qəhqəhələr öz-özünə yağış olacaq,
Bu yırğada xatirələr ovum-ovum ovulacaq…
… Bu ayrılıq məndə yarpaq-yarpaq solacaq,
bu ayrılıq sinəmdə dönüb torpaq olacaq.
Oh, tanrım! Cadugərmiş bu ayrılıq!
1983
ƏN ÇƏTİNİ BÖLÜNMƏKMİŞ

…Sonra o məşum nağıla
sübhə kimi birgə göynədik.
Bu minvalla, bu böyük dünyamıza
eyni kədərimizlə eyni cür qərib düşdük…
Ah gülüm, qəribliyə sən yaxşı bələdsən.
Sən heç nəyi unuda bilməyəcəksən!
Ovun quzum, ovun mənim kövrək sevgim!
«Nə günahı, telli sazın?…»
Əsən bir başqa cür əsdi.
Mən təsliməm. Kiri sən də.
Kiri mənim ay ömürlük kədərim!
Ən acısı –
qoynumuzdan açılıb
yerə düşən o qolları unutmaqmış,
Ən acısı –
cığırlara haçalanıb
qar selində üşüyən o yolları unutmaqmış!
Olacağa nə hacət? Yəqin bu da gərəkmiş.
Nə biləydik, nə biləydik
Ən çətini bölünməkmiş?!
1982

BİR GÜN GÜNƏŞ DOĞARKƏN

Gözlərimin
pərdəsindən
bir-bir itəcək,
bu gördüyüm dağlar,
bu vadilər,
bu çaylar.
Gözlərimin
pərdəsində
şəfəq dolu tellərini
birdən-birə bitirəcək,
hər gün Günəşdən su içən
bu qızılı qayalar.
Bir gün
qara torpaq
gözlərimi, məni
ömrümü, sənələrimi
birdən-birə çəkəcək,
sinəmdə şehli-şehli
bənövşələr bitəcək.
Bir gün
hündür köpülü
torpağım üstdən
bir igid yüksələcək,
qara söyüd hönkürəcək,
bu fəryad mənə yetəcək.
Bir gün…
Günəş doğarkən
əzalarımın ən gec öləni –
uzun-uzun tellərim
torpaq altdan
yavaş-yavaş
ürpəşəcək…
24 aprel 1983

ANAM BÖYÜKXANIMA

Uçdu, uçdu səadətim, getdi əldən ibadətim,
İtdi ilkin məhəbbətim, gözümdə söndü həsrətim.
Sevincim yarıda qaldı, bağçam qapısı bağlandı.
Üstüm-başım duman oldu, buludlarlamı qalandı?
Gəldi hicran, gəldi yaman, ah, vermədi o bir aman
Bu nə güzar, allah aman, sızlar qəlbimdə bir kaman.
Hər yan soyuq, hər yan bumbuz, söndümü o göynər ulduz?
Oh!Anam idi gətirdim, bu ac torpağa yetirdim.
Qara gözləri itirdim, zülmətlər içrə bitirdim.
Hicranının yaşı üstdən, məzarının daşı üstdən
Selləmə göz yaşım üstdən, qəbrinin qar, qışı üstdən
biganə keçə bilmirəm, dönmüşəm heçə bilmirəm.
Ruhummu kor, ya gözümmü, söndü odum, ya közümmü?
Günümmü qara, üzümmü, ömrümdən əlim üzümmü?
Qapayar əlim üzümü, yox ürəyimin dözümü
Ana!Ölüm mən özümmü, ya ki, anayam, dözümmü?..

29 yanvar 1977
DARIXMIŞAM, ANA

Darıxmışam ana, köyrəlmişəm mən
Darıxmışam, uzat əlini mənə
uzat, ana, könlü viran qalana.

Köyrəlmişəm ana, köyrəlmişəm mən
Dəmir qapımızı döyən var axı,
Könlümə dəyən var, dəyən var axı!

Əfv elə, əfv elə, bağışla məni
Torpağı, daşları oymaq istərəm,
başımı dizinə qoymaq istərəm.

Darıxmışam ana, darıxmışam mən
Tapşır tanrına ki, götürsün məni,
o gəlməz yoluna yetirsin məni.

Gömülüb torpağa yanında qalsam,
dolaşıb qoynuna solsam, saralsam –
Əfv elə, bağışla, bağışla məni
Darıxmışam ana, darıxmışam mən.
7 fevral, 1979
BAKI-TƏBRİZ BAYATILARI

Dağların dağı varmış,
Qarası, ağı varmış.
Əl vurmayın, kövrələr
Bir gözəl çağı varmış.

Hisdi, bu dağlarındı,
Sisdi, bu dağlarındı.
Deməyin biganədi,
Tüstü bu dağlarındı.

Əzizim İran oldu,
İran bir dastan oldu.
Haqqa, imana gəlin
Bu torpaq viran oldu.

Nənəm, nağılın vardı,
demədin, qar apardı.
Əllərimi əlindən
acı rüzgar qopardı…

Vay sizi, uca dağlar,
Qocadan qoca dağlar!
Niyə susub durmusuz,
Ahı doyunca dağlar?…

Qəmdən üzüldü bu can.
Ürəyim doldu şan-şan.
Anamdır, qərib ölür
Aman əcəl, bir dayan!…

Bu cığır hayanadı,
Arazdan o yanadı.
Tanrım! Bir cüt qanad ver,
Bu quş məni yandırdı.

Təbriz qədim, köhnədir,
Cahanda bir dənədir.
Əllərim həsrət çəkir
Dağı, daşı göynədir.

Təbrizdə dayım yaşar,
Rəssamdır fırçası var.
Rəsmində rüzgar əsər
Bulud ağlar, sel aşar.

Torpaq cadar oldu ki!
Yollar qabar oldu ki!
Həsrət nə uzun çəkdi
Ürək qubar oldu ki!
1980
DAHA ÇAĞIRMA
Mədinə Gülgünə

Torpaq məni tez basacaq bağrına,
Baxmayacaq hicranıma, ağrıma.
O yerlərə ayaq bassan, çağırma –
Çağırma, Gülgünüm, daha çağırma,
Övliya Gülgünüm, gülüm, çağırma.

Bu çəpərin namələri sel imiş,
İki gözüm iki yekə göl imüş.
Bu ayrılıq deyil, başqa fel imiş –
Qəhr etmişəm, daha məni çağırma,
Çağırma, Gülgünüm, daha çağırma.

Axı mən nə deyim, belə naxışa,
Tutub məni ucdantutma yağışa.
İslanmışam, bəlkə yağış yığışa? –
Faydası yox, göydəkini çağırma
Çağırma, Gülgünüm, vallah çağırma.

Anamın Sabiri, Kərimi orda,
Yol çəkən gözləri gömüldü burda.
Çatmadı qolları bir daha yurda –
Bir nəzər sal öncə mənim bağrıma
Qan olubdur, daha məni çağırma.

Gecə keçər, ay üşüyər zikrimdən
Hara yığım bir bu qədər fikri mən.
Qürub çağı dağlar qopar fikrimdən
Kim oyanar qərib səsə?… Çağırma!
Dünya səni eşitmirsə, çağırma,
Çağırma, Gülgünüm, daha çağırma.
1983

ƏRK QALASINA

Əl vurunca
yorğunluqdan
ovum-ovum töküləsi
o daş qala,
a daş qala!
Daş çəpəri
daş səbrinə
sirdaş qala,
a daş qala!
O qalanın nə qəribə
qubarı var –
yağış döyər,
ildırımlar qamçılar,
yaralar, hey yaralar.
Uca qala,
Uca qala!
Qocalardan qoca qala,
qoca qala!
Bir vaxt dəmir dəbilqəli,
Bir vaxt dəmir həlqəli
darvazandan
kimlər keçə, kimlər qala?!
Uca qala,
uca qala!
Əl vurunca
yorğunluqdan
kövrələsi,
töküləsi
o daş qala,
a daş qala!
Daş çəpəri
daş səbrinə
sirdaş qala,
sirdaş qala!
1980

MAT QALMIŞAM

Mat qalmışam bu dünyaya.
Mat qalmışam bu dünyanın
adamlarına,
damlarına,
bacasına.
Mat qalmışam tüstüsü beynimdən çıxan
ürəyimin yanğısına, acısına.
Gözəlliyə qəbir qazan,
nahaqqı qoyub, haqqı pozan
nakəs, pis adamlara
mat qalmışam.
Torpaqdan yüz əlli tutub
gərəksiz bivec ömrünü tısbağatək sürüyən
ziyankar, xəbis adamlara
mat qalmışam.
Kişi əyin-başlı,
amma dovşan ürəkli,
tülkü kələkli
kişiciklərə
mat qalmışam.
Arvad dövlətinin yük qalağına ayaq basıb,
onun-bunun məclisində utanmadan özün öyən,
özündən deyən,
«buğda» söyləyib, darı yeyən
kişi-dişiciklərə mən
mat qalmışam.
Adət etmişdir deyə, «gülüş maskası»
ömürlük üzündən asılı qalanlara,
iş xətrinə, gərdiş xətrinə özündən də alçaqlara
tutdu-tutmadı əl çalanlara,
alçalanlara.
ev yıxan, qəlb sıxan, baş aldadan
ağ yalanlara
mat qalmışam.
Gah gizli, gah aşkara hərdənbir
bir ah çəkirəm.
Ya nahaq çəkirəm, ya haqq çəkirəm.
amma, çəkirəm!
Çünki mat, mat, mat qalmışam,
Qınamayın, a dostlar!
Nə yaxşı ki, bu işlərdən
Sağ qalmışam, salamat qalmışam.
1981

AĞILLIDIR ƏMİNƏVƏLƏR
M.Ə.Sabir və M.Cəlilə

…Ey vah! Əmilər!
Ağıllıdır əminəvələr.
Əcnəbicə danışırıq, əcnəbi!
Ölülərimizlə ərəbcə,
dirilərimizlə… rusca!
Bildik, bilmədik, nə gəldi:
cincə, əcinnəcə, əcnəbi-qəribanəcə!
Yarışırıq, əmilər!
… Moltanıyıq. Moltanı!
Ay alan! Bir hikmətli «Dil ağacı» satıram!
Durma oğul!!! Gətir, gətir! Gətir bura əlindəki baltanı!
Sən vur, mən yıxım! Sən bir yandan, mən bir yandan.
Qəhqəhə! «Anamın kitabı» ağlamaqda,
Baş götürdü xanimandan.
Yazıq sizə, ölülər!
Dirilər, keçinərlər.
Dirilərin yanındadır tərcümanı, dilmancı.
Ay satan, ey! Qeyrət alıram,
Varındısa,
sən vicdanın,
bir damcı!…
1985
QƏHR OLASIZ

Siz,
Külək,
Kəsəklər!
Baldırğanlar!
A qudurğanlar!
İpək yorğanlılar!
Qəhr olasız, harınlar!
Qəhr olasız, tox qarınlar!
Qəhr olasız, bağlı qapılar!…
Qəhr olasız, qupquru çırpılar!
Qəhr olasız, eyş-işrətli otaqlar!
Qəhr olasız, tülküquyruq yaltaqlar!
Qəhr olasız, ay ağacı ölmüş yarpaqlar!…
Qəhr olasız, günə həsrət, solmuş varaqlar!…
Qəhr olasız, siz, boğazı xirtdəyəcən xıltalılar!
Qəhr olasız, yolçular – tövcü yığan əlləri baltalılar!
Qəhr olasız, bağı, bağatı, evi-eşiyi, yeri, yurdu, bərbadlar!
Qəhr olasız, ay bacılar, yalqız cavan, köməksiz, ərsiz arvadlar!…
1980
A BİRCƏ BAŞ, İKİCƏ AYAQ YOLDAŞ

Mənim ağırlığımı
mənim ayaqlarım çəkir
Ayaqlarım nə çəkir, özü çəkir, özü bilir.
Mənim güzarımın çərxini
mənim başım hərləyir.
Başım nə hərləyir, özü hərləyir, özü bilir.
Rahatlığına toxunmur ki, heç kəsin?
Bəs bu mırthamırt, qırthaqırt nakəsin
nə işinə, nə vecinə,
ayaqlarımı daşlarmı əzir,
ya hamar yollar əzizləyir?
Atıb bir günlüyə qayğılarımı, fikirlərimi
Düşündüm:
Gecə, gündüz
a özgə xoşbəxtliyinə narahatlanan,
a paxıllığından partlayan!
A bircə baş, ikicə ayaq yoldaş!
Mən öz yükümü zorla çəkirəm,
sən özgə yükünü gəzdirirsən nə sayaq, yoldaş?!
1980
ÖZ ARAMIZDA QALSIN
(Silsilə)

1
Onda ki
Gəda darğalandı,
Keçəl daraqlandı.
Sərçə də qarğalandı,
Qalan işlər yalandı,
Gün aydın, dostlar!

2
…Pusur, yeyır. Qusur, yeyir.
Yeyir, söyür. Söyür, kiriyir.
Bənd olma, quzu bala!
Qurdun işi belədir –
Tox olanda gərnəşir,
Ac olanda döyüşür.

3
…Qurda da ağlamaq gərək.
Gərək bunu da deyək:
Bu – qurtdu,
Bu – qurtdudu.
Qurtdu qurdu qurutdu.

4
…Dad, amandı!
Üç cür kişi yamandı:
Yalaq, satqın, ağciyər.
Zəfər huy!… Səfər huy!…
Qulağınızı kəsərəm –
Salam alsaz bunlardan,
Bu cürə məlunlardan!

5
… Bu göl qur-qur quruldayırmış.
Bu göl ördəklərlə qaz ağanınmış,
Bir də qurqur qurbağanınmış!
Qalanları?
Qalanları dəmadəm qubarlanırmış.

6
… Biri baxır döşünə –
Ordenlərin yürüşünə,
Döyür döşünə-döşünə.
Biri baxır döyüşünə,
Qalır düşünə-düşünə

7
…Kor-koranə axındır, filankəsin guruhuna
Bunun vurhavuruna, onun gurhaguruna!
Bir salavat da çəkin,
bu yetimin ruhuna.

8
…A holavar, holavar!
İyirminci əsrdə bunu bilməyə nə var?
Elm.Tabaq.Sığar?
Müəllim.Tamah.Sığışar?!
Ovuc içi kimi aydındır işlər.
Müqəddəslik ərimədə…
Belə getsə məhv olacaq elmimiz.
Qısılacaq dilimiz.
Ay öyrədən azarın da yeri var,
Bezarın da öz yeri!

9
O da yaman «O»-dur, ha!
Göz dəyməsin oddur, ha!
Kitabları önündə,
«Sex maşını» yönündə.
Qarışdırır, quraşdırır,
Calaşdırır, yapışdırır.
Xırda-xırda tökür,
bütöv-bütöv çıxardır.
İşində ol, ay qağam!
Məqamdır, məqam!

10
…Bu da ki, budu,
Bağrının sözü bağlıca durdu.
Adı Həyadı, ləqəbi Təkdin.
Nağılları var, bir evə sığmaz.
Kibrit qutusu bir kitab üçün
Kədəri, qəmi göyə sığışmaz.
Nənən ölsün, a Təkdin!
Niyə dinmədin?!

11
…Siçan pişikdən, pişik nəvədən…
Turp çıxaracaqmış, demə ortadan.
Sən məndən, mən səndən!
Yun qırxarıq biz, bir yumurtadan!

12
… Əvvəl yoldaş oldu.
Xısın-xısın…
Baş yedi, baş oldu.

13
… Fərqi çoxdur milyonçuyla dilənçinin.
Mənim ləhcəmlə desək, yolçunun.
Amma!
Fərqi yoxdur dilənçidən,
yolçuluqla özül tutan milyonçunun.

14
… Deyimmi kim eylədi?
Qolu güclü eylədi.
Ortaya çıxsın deyə,
çox-çox isa-musanı
yerlə yeksan eylədi.

15
… Görcəyin yan qaçır fağır
Rəisinin üzündən zəhər və zəqqum yağır.

16
Boğa bilsəydi əgər namərd əkəni,
çoxdan çıxardı yəqin bu pilləkəni.

17
… Ah, kaş kişi olaydım!
O kişini sıxıb divara
kişi kimi başa salaydım:
– Kişi ol, kişi!
Kişinin nə işinə bir qadını üyüdə?
Yerimə qarğa yerişi –
qarğanın qarqarı da məlum, dediyi də.
Qarğanın yuvası da məlum, yediyi də.

18
…O mənə düşmən kəsildi,
ağlım onu düşmən bilmədi.
Nurdan kasıb adammış.
Nə saya saldım, nə danışdım, nə dindim.
Sadəcə varlığından iyrəndim.

19
…Evin yıxılsın, a qara yaxan!
Bu qara rəngi hardan almısan?
Tutdu, tutmadı, qara yaxırsan,
Elə bir ucdan qaralayırsan.
Bir gün dö.əcək əlimə yaxan,
Namərd qızıdır alçaqdan qorxan!
Qara donunu cırmalayacam,
Götürüb səni yerə çırpacam!
Qoy dərs alsınlar köpək qarılar,
Sənin tək bivec qaraquralar.
Qınamayln siz, yaxçı adamlar,
Qaraquralar yaman yorurlar.

20
… Üst-başları bir, ürəkləri bir.
Fikirləri bir, diləkləri bir.
Biri İnkir, biri Minkir.
Düşünən başlar görün nə çəkir.

21
…Başdan başa aləmsən,
Aləmi kor eyəmisən.

22
… qərarsız qaldı, qərarsız
Qərarlı qanunlar dolaşığında.
Hökmünü verir bir böcək,
Məhbusuymuş nəhəng pələng.

23
Lal, kar, səssiz məzar…
Hamısı sür-sümük yığını.
Hə, indi tap bu ölülərin içindən
Hansı katib, hansı sədrdi.
Hansı xitam verir, hansı əmr edir.
Hamısının kəlləsi eyni –
Hamısının dişləri gülür.
Hamısının torpaq olub, əlləşən beyni!…

24
…Gözümün iki damla yaş giləsi
Biri sənsən – haqsızlıq.
Biri namərd tələsi!

25
…Zurna çalmayın, xatirələr.
Ağlımı başəmdan almayın, xatirələr!
Onsuz da yerdə qalan boş qafadır.
Qafa da nə qafa! Dəlik-deşik, yara-yaradır.,

26
.. .Nə dev var, nə şah var, nə cırtdan.
Elə-belə, nağılmış…
Yaxşı ki, o nağıllar
Nağıl kimi qalıbmış.

27
…Nağıllardan bu üzə təkcə cəllad çıxıbmış
Yalnız çəkmələrini o üzdə çıxarıbmış.

28
…Öldün. Azadsan demək.
O ruh, o sən.
Uç dostum, uç! Uç, hara istəyirsən.

29
Ahım – qeyrətdəndi
Günahım – nifrətdən.
Nə deyib, nə söyləmişəmsə
Elimə, obama
məhəbbətdəndi.
SƏNƏ BORCLUYAM, ANA!

Bu yazılar, sətirlər, bu düzümlər üçün mən
Sənə borcluyam, ana!
Sevgilər, titrəyişlər, təbəssümlər üçün mən
Düşüm ayaqlarına!
Damarından, qanından, əzandan nəşət aldım,
Sənə borcluyam, ana!
Yaxşı nə varsa canda, canından vüsət aldım,
Düşüm ayaqlarına!
Günəşim də, tanrım da, eşqim, odum da səndin,
Sənə borcluyam, ana!
Göz yaşım, yaradanım, səcdəm, duam da səndin,
Düşüm ayaqlarına!
Bütün dünyam sən idin, səndin gecəm, gündüzüm
Sənə borcluyam, ana!
Yenə sənsən, yalnız sən, çəmən, çöl, ətrim, düzüm,
Düşüm ayaqlarına!
Sənə həsr edirəm mən, bu kitab-həyatımı,
O göyərçin ruhuna
Səpib səpələyirəm, ən şirin bayatımı,
Sənə borcluyam ana!
Dolanım, fəda olum, o qara torpağına,
Düşüm ayaqlarına!
Sərilim, məlhəm olum, ürəyinin dağına!..
Sənə borcluyam ana!
YOL UZUNU ARZULAR

Nolaydı,
küçələrin adı – Lalə, Nərgiz, Bənövşə,
Vətən, Məhəbbət, Sevgilər; Od və Atəş olaydı
bəzisinin də adı – Nazim Hikmət, Həqiqət, Şah Xətai, Səttərxan,
Araz, Təbriz, Nisgillər; Güc və Günəş olaydı,
küçələrin bağrına, qədim daş yaddaşına,
döngələrə, daşlara
hər ad yapışmayaydı, hər ad yaraşmayaydı!
Gecələrin qoynu
yaz, yay həmişə belə, ulduzla dolaydı,
cilvələrlə sayrışaydı,
Ulduz Ayın köksündə…
Ay başımız üstündə
beləcə salim olaydı,
şölələrlə qımışaydı,
gözlərimiz elə təki
Ay-ulduz… yollarında
sulana, qamaşaydı!…
Səkilərin üstü
yağışdan sonrakı tək, yuyunub təmizlənə,
ışım-ışım işıldayaydı,
səkilər boyu nə toz,
nə də çör-çöp olaydı,
elə yalnız
vətən rişəli vələslər,
söyüdlər yırğalana,
yarpaq xışıldayaydı!
Eyvanlardan
gül-çiçəklər, qönçələr,
qol-budaqlar, yarpaqlar,
yaşıllıqlar işaraydı,
yaşıllıqlar işartısı
dam boyu, divar boyu
sarmaşaydı, aşaydı,
ah kaş bütün amallar
yurd yeri, yurd qeyrəti
bu eşqlə yaşayaydı!
Pəncərələr
büllur təkin parıltılar saçaydı,
üzümüzə, gözümüzə,
torpağa nur qarışaydı,
bir oyanış titrəyə,
qollarımız, qüvvəmiz
haqq yoluna qoşaydı,
bu oyanış, bu duruş
yüz illik mürgüləri
qatıb-qatışdıraydı!..
Qapılar
taybatay açıq, həndəvərdə elə yalnız
qaranquşlar, ağ quşlar
qanad salmış, yuva qurmuş olaydı,
nə xəbis köz, nə kəc baxış,
nə yiyəsiz qalan ocaq…
nə pis qonşu olaydı,
nə yuvalar didərgini,
nə sinələr yarası, nə qara əl,
nə də qurşun olaydı!
Yurd yeri,
yurd qeyrəti bizdən uca olaydı,
Həm heysiyyət, həm cürət qoşa yaranmış olaydı,
meydan… meydan olaydı…
Yox, yox allah! Biganələr, naxələflər, nakəslər yox,
doğulursa, insanların comərdləri doğulaydı,
bir başqa yarış olaydı,
cavan, gözəl analar oğullar doğaydı ki,
oğullar… oğul olaydı,
nər təkin oğulları dərdə yaramış olaydı!
Torpaq
əcdad payımız! Ovcumuzda qalaydı –
ikiyə bölünməyib, iki ayrılmayaydı;
bir nəhəng göy arabası fırlanaydı,
aşırımlar aşaydı, daşları aşıraydı,
bu yuxulu qorxuları…
o ki var fırladaydı,
bu ətalət mirasını
dağa, daşa çırpmış olaydı,
param-parça parçalamış olaydı!
Allah, allah,
qəhr olası köksümüzdən
qürbətləri alan olaydı,
könül bihuş olaydı,
qanad çırpan, çarpışan
ürəyimiz
bir gün bir quş olaydı,
özgə səyyah, yolçular tək
bizim də ləpirlərimiz
o taya hopmuş olaydı
Nolaydı, ah,
yuxular çin çıxaydı,
gömgöy bənövşə arzular
nə saralıb, nə də solmuş olaydı,
bütün bağçalar, qapılar
sevgi çələngi, müjdələr,
gül-çiçəklə dolmuş olaydı,
bir gün də bir sübh çağı
şəhid ruhlar… məzarlar
vüsal cəngilərindən
agah olmuş olaydı!
1981
MƏNİ MƏNƏ VERMƏDİLƏR

Nə dərd, nə ələm bildilər,
Nə istədim vermədilər.
Əslində nə istədim ki?
Düzləri görmək istədim –
ürək üçün.
Bir veyl külək istədim –
seyr edib, azadə nəfəs dərib,
asudə ölmək üçün.
Vermədilər.
Qara basdı dünən məni.
Gördüm dağlar sıra-sıra,
buzları büllur sırsıra.
Uzatdım yanar əlimi
dağlar geri çəkildilər,
sırsıralar əriyib, bir-bir suya döndülər.
Yaman pərt düşdü əllərim,
Könlüm bir könül istədi
könlümü kiritməyə.
Quyu suyu istədi
bu susuz ciyərimə
qurtum-qurtum çəkməyə.
Bir ovuc torpaq… istədi
sinəm ilə bərabər
dərdlərinə çökməyə!
Vermədilər. …
Lənət sənə kor şeytan,
yenə tər gəldi alnıma,
cümlə-cahan şəyatinlər
yenə hardan yığışdılar,
doluşdular dörd yanıma?
«Sətəlcəmsən, balamcan!
Biz verən yox, alanıq,
Mən ölüm, biz dünyanı,
sarıyıb dolayanıq!»
deyib, çənəmi dartdılar,
Əlimdə çörəyim vardı,
çırtıq vurub, çəpik çalıb
tutub, çəkib aldılar,
ələk-vələk eyləyib
evimi dağıtdılar,
o ki var ağlatdılar.
Buynuzum varmış demə,
«Bu ot, bu da ki ovlaq!
Buyur, yaşa! – dedilər,
Naşükürlük eyləmə,
Nöşün ki, balam canı,
adamsızsan, adamsız!
Başını sal aşağı, otla başacan, bala!» –
gülüb əldən getdilər.
Cırcındırmış üst-başım,
bir az kənar çəkildilər,
dönüb «səfil!» də dedilər,
bərəldib dəmbə gözlərin
dil çıxarıb, əl eyləyib
əkildilər, getdilər.
Əl uzatdım, yalvardım,
çağırdım hey ……….. qarı dünya,
nəyim vardı aldılar!…………
Səsim yayıldı dəryaya,
bir avarsız, sükansız
bir bəyaz gəmi gəldi,
Atıldım minəm içinə
çəkim havada qaldı! –
Məni mənə vermədilər.
Qısıldı səsim özümə,
kimsə çəkib apardı!..
… Üzdü qarabasmalar, vahimə, röyalar məni.
Xof bürüdü dünyamı
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim,
Yollarımı hördülər
məni mənə vermədilər.
Məni məndən aldılar, məni mənə vermədilər.
Hey yandım, hey çırpındım,
çırpındım fəğan eylədim
Vermədilər, vermədilər,
məni məndə görmədilər.
məni mənə vermədilər.
1984
QƏFƏS RESPUBLİKASI

Kim düşünüb bülbüllərin qəfəs zülmünü?
Bu sarı bülbülün kim qırıbdır könlünü?
Kim düşünüb akvariumu? Akvarium dövranını?
Bumu yemək bolluğu? Gərəkmidir, bu «qurt-quş»?
hanı yosunlu sular? Bumu qurtuluş?

Kim düşünüb qara bəbir əsarətini?
Hara sığar bu bəbirin zilləti? –
Məhbusa bax!… Gözlərindən qığılcım yayır,
Elə baxır, elə baxır, sanki dastan pıçıldayır.

Anladım, zavallı! Anladım, zalımmış insan,
Anladım, anladım! Götür sən allah,
Götür gözlərimdən o baxışını,
Axı hara daşıyım yalvarışını?

Yazıq, yazıq! Yaşıl ormanlar bəyi!
Ormanların zorbası! –
Çarvadar olmuş bu şir, belində it gəzdirir.
Şirləri artist edən! Od həlqəsindən keçirən!
Bax o sənin şəninə gör necə də əlləşir;
Ələkçiyə qıl verir, nişan taxılıb döşünə –
Kirpiyiylə od götürür, od qoyur,
hərdən təlxəklik edir,
Bir az da burcuq yeriyir, çünki it yalı yeyir
Mərhəba! Gör nələr öyrənmiş, o!
heç elə bil şir deyil,
Şir öyüdü görməmiş, şir südü əmməmiş, O!!!
Yox, yox, belə deyildir, yazıq zora tabedir –
Olur ki yuxusunda yenə şir kimi gedir.
Oğulsansa gir onun bu yuxusuna,
davam gətir sinəsinə,
Qiblənüma göstər ona, dayan görüm nərəsinə!

Nədir, bu «qurd oğlu qurd»a
dərsmi demək istəyirsən?
Təslim olmaz, yorma brat,
ipə-sapa yatmaz-yatmaz!
Bu qurd sənin əllərindən
sümük qapmaz, ət yeməz,
Bu qurd sənin təliminə
bircə tük də ürpətməz!
Yorma, yorma!
Gedib əldən ixtiyarı …
Burax getsin, daha nasaz yağıdır,
Burax getsin, ömrün qoca çağıdır…

Aman zalım! Kimdir belə o pələngi danlayır?!
O pələngin gözlərindən xəlvəti yaş damlayır.
Yetər, yetər! Bütün dərdlərdən bu betər! –
O pələngə bircə kərə ov olmadı insan övladı,
Amma onun özünü, insan oğlu İnsan idi, ovladı!
Burax o pələngi də,
Gözlərinin hikməti vida çığırır,
Ormanların içində çağası var, çağırır.
Mərhəmət et, ver sındırım,
bu yalançı akvarium-dənizləri,
Atım geniş dəryalara
qıpqırmızı yazıq balıq gözlərini.
Balıqların öz xaliqi, öz xilqəti, öz heyrəti,
Balıqlara nə lazımmış,
çılpaq sahil qeyrəti?!…
Axı qardaş, bu bülbülün
başında eşq havası var, sıxılır,
Qardaş, axı, əhd eyləyib,
yar yolunda nəvası var, yaxılır!…
Bir quş ilə bu dünyanın
yeri dar olmaz!
Burax getsin, savab eylə,
səndən ona kərəm olmaz, yar olmaz.

Al qardaş, al – bütün fikrim qəfəslərdə –
Al bunu da, bu quşu da, qurtar xaric səslərdən.
Qurtar bu Qızılquşu da…
kəc və kəsif nəfəslərdən!!!
Babalı mənim boynuma, burax Ana pələngi,
döşlərində süd quruyur, qovrulur,
yaman olur pələng cəngi!
Tək bunu yox, tək onu yox, boşla bütün əsirləri
Bağışla sən, boşla sən,
rufdan çönən yesirləri.
Burax getsin, burax qardaş,
xanələri dağım-dağımdır,
o ürəyin, qardaş sənin, yoxsa daşmı, dağmıdır?!
Dil-dodaqlar titrəyir, əlləri nalə çağırır,
Çırpınır!… Qəfəs respublikaları …
Həm də daha vecə gəlməz Onlar daha,
Heç cürə…
Qoy getsinlər, yol ver daha,
dünyamızın həlləm-qülləm çağıdır!…
1986
TƏKCƏ QORXUNU…

Ana laylasına bir şirin xəyal ilə
gözləri millənən körpələr!
Nəğməsinin kədərinə, düymə dodaqların büzüb
küsüb kövrələn körpələr!
Laylaları yoxsul analar düşünüb quraşdırmışlar,
yoxsa bilirsiz?
Vay sizi!
Bəs edər bildiyiniz.
Hələlik uyuyun. Uyuyun ki,
Bu həzin nəğmə – laylanız,
Bu da sizin beşik evciyiniz.
Hələlik tək bunlardır görəcəyiniz.
Tappır-tıppır ayaqlarınız bir azdan yer tutacaq,
Sonra başınızı şaqqur-şuqqur oyuncaqlar qatacaq,
Sonra paltarları rəngbərəng gəlinciklər,
sonra taxta tüfənglər,
sonra yumşaq tüklü ayılar,
sonra rezin kər-tən-kə-lə-lər…
Belə-belə işlər.
Amma alışın bunlara.
Alışın və böyüyün.
Ayılar qabalaşa bilər –
Torpağımızı meşə bilib savaşa bilər.
Rezin kərtənkələlər zəhərlə yüklənə bilər.
Taxta tüfənginiz lülələnə bilər.
Dilim varmır,
günahsız təbəssümünüzü silə bilər.
Onda
Kimi yaşayar, kimi ölə bilər.
Dinləyin:
Siz,
gözümün nuru!
gələcəyin vüqarı!
83-cü ilin uşaqları!
Allahı tanısaz da,
tanımasaz da
həyətinizə
yağış da yağacaq,
qar da dolacaq,
Dünya öz işində olacaq.
Təkcə qorxu!
Təkcə qorxunu…
Silərsiniz əlifbanızdan,
çarmıxa çəkərsiz!
Yerində
dəyanət,
qüvvət,
cəsarət əkərsiz.
Təkcə qorxu!
Budur məsələ! Qanımıza ən böyük yükdür.
Nazim əmi demişkən –
Kim kimdən qorxmazsa…
O ondan böyükdür!
1983
TORPAQDAN TUTUB QALXDIQ

Salam, Lenin baba!
Yaş əllidəndi,
Bağışla ki hələ də
uşaq təbiri ilə
baba deyirəm sənə.
Neynim, səni həb kimi
bələyimdən yedirdilər
qan, bəbək və beynimə.
Öz babamın qolu çomaqlı idi,
çomağı gücsüz çıxdı;
Damını küləklər oydu,
Bağçasında sərçələr
sərçə yumurtası qoydu,
«Viranə marşı…» ilə
göndərdilər gedər-gəlməzə.
Babamın adını,
ulusunu belə
unutdurdular bizə.
İntəhası,
Vətəndən keçən qürbət
baha başa gəldi bizə,
baha başa gəldi bizim
buğda çörəyimizə,
«Köç arabası»nın… dalıyca
yollar boyu göyərən
bizim körpə əllərimizə!..
Əziz-xələf torunlardıq,
Eh, nə isə, torpaqdan tutub, qalxdıq!
İndi mavzoleyə gəlmişəm.
İçəri girməyə başım ağırdır,
bayırda durmağa ayaqlarım ağrıdır.
Burda qar sümük kimidir,
Növbə uzun, mən taqətsiz.
Bəlkə elə burdan edək, açıq söhbətimizi biz?
Bilirsənmi,
Bütün ölülərə kədərlənirəm.
Ən çox qəriblərə, ölü doğulan körpələrə
və sənə.
Qəriblərin dərdini dəbərtmərəm,
məzarları dərbədərdir sinəmdə…
Qaldı körpələrə və sənə? –
Onlar yaşamağın dadını bilmədilər,
Sən yaşatdıqlarının.
Gərək sən yaşayaydın,
gərək yaşatdıqlarını
yaşayıb özün dadaydın!!!
… Eh, bu quşlara nə var? –
Meydandakı göyərçinləri,
və boz, çilçil sərçələri deyirəm! –
həyatlarını hava,
ruhlarım azadlıq oxşamada.
Mən də belə,
Mülkümüzə bayquş qonub,
Özüm Ümumi Binada
əlli ildir
gərək ki… yaşamada…
Sağ ol, əziz, möhtəşəm İliç!
Mən gedirəm, məlumun olsun bu başdan –
Gülün ömrünü qırıb,
qəbirə qoymaq adətimizcə deyil.
Gəl ki, mumiya cisminə
Gözlərim yaşarmada –
İnsansan, axı!
Amma gərək bağışlayasan,
Öz babamın xatirəsi
Zor işdi, Lenin baba!
O kədərli, çatıq qaşlar
O yorğun, o cırhacır
O araba yoluyca
Geri dönüb
yerə tökülən baxışlar …
hərdən yaman zülm eyləyir
həzin yaz axşamlarında …
SƏADƏT PAYI

Bir səadət payı uçur göylərdə
Bir səadət payı köçür göylərdə
Dəniz ha, deyil Sahili olsun?
Ki, oturum
günlərlə tor atım,
tor yığım
Ovlayıb balıqlarını ovunum.
Ya tutum havada,
ya baxıb-baxıb
atım.
Gəmi ha deyil
Ki, əyləşib içinə
qovuşum, ona çatım.
Nə yazıq!
Səadətim göylərdə pərvaz edib dolanar,
kəhkəşanı fırlanar.
Sonra enər yerə
Döyər qapıları o gizli-gizli
Bənövşəli, yasəmənli, nərgizli
payından qonaq edər
səadətdən payı artıq olub
partlayanları,
üfürülmüş qovuq kimi
səadətdən çatlayanları.
Mənə vəfasız çıxan
a yeganə səadətim!
Mənə vəfasız çıxan
a biganə səadətim!
Kimlərə qonaq oldun?
Hara qonacaq oldun?!
1980
DƏRYA MƏNƏ TANIŞDI

/N.Hikmət vəfadarı, nəcib insan,
çox önəmli alim, dostum Akşın Babayevə/

Çox böyük işdir –
İyirminci əsrin
keşməkeşində
yada düşmək!
Var ol Akşın.
dönüb gələn bu zəngə
sevindim, xoşhal oldum,
Sənintək «çini zər bir arkadaşın»
yüklü xəyalında bulandığıma
billahi, bihal oldum.
Gör ha, yada düşdüm, nə düşdüm!
Amma, bilmədim xatirinə, mən avara
quruda, havada, ya dəryada düşdüm?
Dəryada olsa yaxşıydı,
dərya mənə tanışdı.
Bir zamanlar
balığı atdım dəryaya,
Dedilər, balıq bilməz, xaliq bilər.
Görünür, nə balıq bildi, nə xaliq!
Eh!… Sağlıq olsun, sağlıq.
Soruşursan necəyəm, nə cür ilə dolanıram?
Dövrandı da. İlğımlardır təsəllisi.
İntəhası, sözməsəli,
Gücün varsa, solma, əyilmə, saralma!
Hə, Akşın, hə, dostum, qardaşım, duyanım,
Yaxşı deyib o kişilər:
«Gül ol, bülbül ol, qəfəsdə olma».
BİZDƏN UCA NƏSƏ VAR

Olarsa,
batarsam, qalarsam
çılın-çılpaq, bumbuz köpüklü sularda,
Olarsa,
ölərsəm, bitərsəm
bu suların yalqız, bəyaz qoynunda,
Mənim bu yorğun cismimi
bir kimsə aramasın,
Nə bir nəfəs, nə bir səs
barı sonuncu röyamda…
bağrımı iki yarmasın!
Məni dəniz laylalar, bəsimdi,
Məni dəniz yırğalar, bəsimdi,
Anam ki yox, xain rüzgar!
Üstümdə dəniz ağlar, bəsimdi!…

Sarı rüzgar, xısın rüzgar, kor rüzgar!
O sarı qulaqlarını
bir azcana geniş aç
Əllərim od tutub yanır,
torpaqdı, belə yandırır,
torpağa xal düşübdür
torpaq başqalaşıbdır.
Eşit, zalım, daş torpağı istəməm,
mən dənizdə öləcəyəm
nisgilimi mən dənizlə böləcəyəm!
Bəbəklərim qan içində…
gözlərimi yuyasıdır, bu sular,
Örpəyinə ürpəşirəm, geri çək
yaşıl-yaşıl yosunlar
yamyaş ipək köynəyindən
üstümə örtük çəkəcək!

Məşğul rüzgar, qul rüzgar!
Ehtiyac yox o naxələf bəndələrə,
Ehtiyac yoxdur sənin
o sələmxor əllərinə!
Dəniz qahmar duracaq,
Dəniz hayhəşir salacaq,
Qağayılar qəfil qaqqıldaşacaq,
üstümdən sular daşacaq!
Mənim axşam duamı…
qağayılar oxuyacaq,
mənim nəğmələrimi
sular özü toplayacaq,
Günəş dolu bir zənbilə
sular özü toxuyacaq!…

Lütfən, çox insaflısan,
Göy üzünə bir cüt göz tapşırmışam,
Qəvi rüzgar! Ona toxunmayasan!
Mənim tirtap qollarımı
o bakirə gözəlim
lap aydınca görəcək,
kiprik salıb göy üzündən
o kövrəkcə əllər ilə
köpükləri yığmalayıb
saçlarıma ağappaq
su çələngi hörəcək!

Nağılımı udan rüzgar,
Dünyamı aldadan rüzgar,
Yuvamı dağıdan rüzgar!
Bir həqiqətdi yaşayar,
Bizdən uca nəsə var!-
Göy üzü səni çaşdırar,
O gözəlin ahı tutar,
Çöp ömrü hərləmir dəniz,
sıxıb səni dişlərinə
qırar belini ikiyə,
tüpürüb düzlərə atar.
Dəniz məni dinləmiş,
bənizimi görmüşdür.
Dönük rüzgar, soyuq rüzgar, boz rüzgar!
Agahdı işlər dənizə –
İşgəncələr vermisiz
Bir qərib bəndənizə,
Agahdı işlər dənizə,
ehtiyac yoxdur artıq
sizin o daş qəlbinizə.
1988
BU DAĞ SİZƏ TANIŞ GƏLMƏZ

Çox da darılmayın siz
bu şən, gülər üzümə –
Mənim öz kədərim var,
Sizinçin deyil onlar.
Üzümdə axtarmayın,
Gözümdə aramayın
Siz sezə bilməzsiniz,
sevinməyəcəksiniz,
Mənə bəxş etdiyiniz
Kədər niqabına, siz.
Gözümdə çöp aramayın,
Bir belə də darılmayın –
Vız gəldiniz, vaz keçdim mən
Köks ötürüb, düz keçdim mən
Düzdüm qəhrimi varağa,
qoymadım virana qala
tapşırdım ağ sabahlara.
Gözümdən yox, bax ordan
Zərrəbinlə oxuyub
bol təsəlli taparsız!
Kefinizi saz eyləyin,
Səbr eyləyin, darılmayın –
Buz dağının üstündəyəm.
Od nəfəsim buza dönüb,
buzda sınır od baxışım.
Üzü nikbin ömür ilə
qara, his-pas beyninizdə
fikrinizi azdırıram,
Bu dövr ilə həm ömrümü,
həm qəmimi qızdırıram!
Qanınızı qaraltmayın,
Sıxılmayın, darılmaym –
Buz yığıram, buz qırıram,
Buz sındırıb, buz yarıram,
Hərdən elə hönkürürəm.
Hərdən olur sərsəritək,
buz çəmbərdə, buz çevrədə
ziyadə boş-boş gülürəm.
Solum da buz, sağım da buz
Allah bəndəsi olunuz,
bu rüzgara… bənd olmayız!
Qəlbinizə xal salmayın,
darımayın, darılmayın –
Ömür buzlara gömülür.
Olur ki, tən gecəyarı
Öz çiynimdən öz içimə
yığın-yığın qar tökülür.
Bu dağ… sizə tanış gəlməz…
Gözlərimi rahat qoyun,
Allahıma tapşırıram,
Allahlı danışınız!
Xoş işlərlə məşğul olun,
Xoşca qalın, darılmayın.
DİNCƏL DÜNYA
Nuru yorğun gözlərimin
Ürəyimin, beynimin
Hesabına yaşayıram,
Əl çək məndən qarı dünya,
Yükümü tək daşıyıram
Minnətini çək üstümdən,
Cəncəl dünya, cəncəl dünya!
Bu yük, bu köç, bu güc ilə
Sənin o kobud əlinə
Əl də verib, ayrılıram,
Əl çək məndən, sarı dünya …
Daha çəkil gözlərimdən
Əbədilik tək qalıram,
Dincəl dünya, dincəl dünya!
NUR AĞACIYAM

… Öldürə bilmədiz məni. Öldürə bilməzsiniz!
Qaya daşla – üzbəüz, –
Qarşı çıxdım içinizə, kininizə də,
Gücsüzsünüz,
Gücsüz olunca, salam göndərəcəm ikinizə də.

Öldürə bilməzsiz məni.
Məndə bitən o ağacı heç röyada görməmisiz. –
Budaqları nurdandı, yarpaqları büllurdan,
Şehləri gümüş incilər, sinəm üstə dincələr!
Yaşıl-yaşıl yaşıllanacaq, yaşıllar yolum olacaq!
Yollar boyunca salam göndərəcəm ikinizə də.

Öldürə bilməzsiniz. Eynimə deyilsiniz;
Fikirləriniz lillidi, sinirləriniz ölüdü,
Ruhunuz çoxdan ölübdü,
Min ömür də yaşasaz,
Məndə bitən o ağacın eşqini yaşamazsız!
Nur ağacıyam indi, bütün şirə məndədi,
Rişələr məndən keçir, rişələr məndən su içir,
Ölərsə cismim öləcək, o ağac ölməyəcək,
Bütün köklər köksümdə, məndədir, bölünməyəcək,
Min yerdən sayrışacaq!
Sayrışınca, salam göndərəcəm ikinizə də!
Nur ağacıyam! Mən səndən sonra öləcəm,
Siz məndən çox-çox öncə.
Qorxaqsınız, qorxuncsunuz! Pöhrələri boğursunuz!
Bir gün də bir sübh çağı
həqiqətin ovcunda qaxac olacaqsınız.
Dönüb bir qaravaş, müti bəndəyə
O ağacın altına, işıq selinə
Kətilsiz-filansız sığınacaqsız!
Ölmədim, yox! Yaxşı tanıyınız siz ikiniz də
İşıq səltənəti, nur ağacıyam!
Boylanıb yuxarı, ərşə baxanda
Göylər qum qovurar gözlərinizdə!
Bax onda, bu cürə, mən də beləcə
Zilləyib gözümü üzüaşağı
Doyunca, qahqah içində, salam göndərəcəm ikinizə də!!!
1986
ÜRƏYİMİ EŞİT, DÜNYA

Dünya çiyinlərimdə,
çiynim dünyadan ağır
endirdim başımı çiynimin üstə
gördüm qollarım yoxdur.
İki qolum – iki budaq.
İki qolum ikisi də dirəndilər göy üzünə.
Baxdım bədən torpaq üstə,
iki qolum ikisi də
üzür keçir göy üzündən.

Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş,
Torpaq iki haçadır,
Körpu heyrət içində,
Məftillər qocalıbdır,
gör haçandır
iki yol arasında
qollar naçar qalıbdır!
Dünya! Mənə həyan ol,
Göyləri səksəndirmə,
qollarım yol gedəsidir,
Onu həsrət uçurub,
qollarıma ana ol,
qollarım yorulubdur,
qollarımı ovundur!

Dünya, mənə yiyə dur!
O sahilə… baxınca
ürəyim suya dönür,
Bədən qolsuz çırpınır,
yerə-göyə sığınmır,
Dağlar boy vermir mənə,
barı allah göyündə
qollarıma yol eylə!

Dünya, özün cavab ver!
Mənim bədənsiz qollarım
gül-çiçək çələngini
görən necə tutacaq?
Dönüb bir cüt quş olunca
ağarıb göy üzündə
bədənsiz necə uçacaq?
Ömrü darda, başı qalda,
o təklənən torpağımı…
görən, havax, hansı üzlə
hansı təşviş içində…
necə, nə cür qucacaq?!…
KÖÇÜR O NAZLI DURNAM …
(Cavan, nakam anamın qərib ölümünə)

Yıxılım yoluna mən,
Fələk, qulun olum mən.
O mənim öz anamdı,
Qıyma, qərib durnamdı.
Fələk, saxla əlini,
sığallayım telini!…
Yollar üzünə bağlı,
Köksündə oba dağı…
Quş idi, havadaydı,
Ovçu vurdu, ayırdı.
Yaradanım, özün yet,
Yarasına çarə et.
Zavalı güclü gəldi,
Gələn sel ilə gəldi.
Gedəni gəlməz oldu,
Dərdi bilinməz oldu.
O taydadır avarı…
Yox başqa havadarı.
Avazı, sözü qərib,
Gözlər yola sərilib.
Solur o su sonası,
Xəbərsizdi anası!
Nənəm, di çal laylanı,
Təbrizdə…
oxşa cavan balanı
boş qalmış dizlərinin üstündə
Uçdu bizim xaniman,
Biz yüz idik beş qaldıq.
Bu nifaqı kim saldı?
Dərədə… peşman qaldıq.
Tanrım, nəzər et bizə,
Rəhm et rüzgarımıza.
O bilinməz dünyaya,
Yolu dönməz dünyaya
Uçur bir nazlı durnam,
Köçür, o nazlı durnam.
Tanrım onu öldürmə!
Öldürmə, onu da… Nə olar.
Qıyma, anamdı, tanrım,
O mənim bir ayrıca Vətənim !…
Quzumdu, məxmərimdi…
Əlləri buz anamdı…
Öldürmə !
Qərib durnamdı, tanrım !
1977
AYRILIQLAR BOYUM BİÇİMİ

Ürək susur, dodaq susur,
Ağac susur, budaq susur,
Nə bir hənir, nə bir nəfəs,
Qımıldanmayır yarpaqlar,
Gecə yalqızlıq laylası deyir,
Uyuyur qollarımda meh əsimi,
Xatirə yelləyirəm beşik kimi,
Kimsə yoxmuş, beşik bomboş,
Kimsəsizlik yeyir içimi,
Ayrılıqlar boyum biçimi!…
Ürəyim iki bölünür,
hər gün belə, yavaş-yavaş hər şey ölür
Artıq əllərim «o müqəddəs ayrığın» əllərindədir.
Əl-ələ vermişik onunla,
O çəkidə məndən çox ağır,
Mən onun tuşunda qov kimiyəm,
Çəkir məni, oyunu o aparacaq,
Nə fərqimə, artıq ayrılığa öyrəncəliyəm.
Ah, ayrılıq!
Biz ki, çoxdan tanışıq?!…
Elə əvvəlki tək, bənizimiz sopsoluq…
Xoş gəldin son ayrılıq. Qolboyun olaq.
Artıq qorxum yox.
1987
MƏNİM O AĞ ÇİÇƏKLƏRİM

Tükəndi ağ çiçəklərim, bir payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda, qopub varaq-varaq oldu.

Quş olub uçdu güllərim, əldə qalan budaq oldu
Busələrimin qonağı bir üşüyən yarpaq oldu.

Gözlərim gölə çevrildi, vüsal məndən uzaq oldu,
Nə gəldi qüssədən gəldi, məni üzən fəraq oldu!

Xəyal oldu sevdiklərim, yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim, dönüb qara torpaq oldu.
YADDAŞ YAPIŞQANI

Bir bu ağac idi, bir də kölgəsi.
Bir biz idik, bir də sınıq könlümüz.
Ruhumuzda çiçəklərin nəfəsi,
sinəmizdə nəhəng sevgi nəğməsi,
Bir də çörək idi… Gərək ki, bir nəməkdan idi,
bir baş da soğan.
Vəssalam.
… Süfrə diksinmişdi, duz dağılmışdı,
Çörək qupquruydu, soğan da acı.
Nəyimiz yandırdı ki,
Elə bu zaman
Əli baltalı gəldi, kəsdi bizim ağacı?!…
1979
GEDƏK, SƏRVİM, GÜNƏŞİ BƏRABƏR ÖPƏK

Yetdin mənə. Yetdin, amma hansı zillətlərdən sonra?
Fələyin beli qırılsın;
Soluq-soluq olub qalmış, yurdunu rüzgar dağıtmış
yetim bir ağac kimidir aramızda duran görüş.
Bu əhvalın günahını kimdə bilək, kimdən soraq?
Bütün bu işlər arxada. Faydası yox, olub keçmiş.
Gül bağçamız bağlı qalmış,
Otlar basıb, tikan bitmiş.
İndən sonra özümüzü nədən yoraq, niyə yoraq?
Bilirsənmi, nər igidim,
Sevişmək çox kiçik söhbət. Yanmaqdadır məsələ.
Məcnun timsalı eşq gərək. Bizim nağıl varaq-varaq.
Üzülmə çox. Biz onsuz da canbəsərik,
«Badi – səbalar…» üzündən
Biz çoxdan yetim-yesirik!…
Yaxşı, razıyam səninlə, düşək yola.
Əzəl gedək tanrının qapısın döyək.
Yağış versin… günahımızı paklasın.
Sonra gedək Günəşi bərabər öpək.
Yanırsa dodaqlarımız Günəşdə yansın.
Bax gör, od telləri daraq-daraq!
Alov tökülür, alov!
Qorxma, sərvim!… Əllərimiz qızınacaq,
Biz ki çoxdan üşüyürdük?…
Gözlərimiz qışqıracaq,
Gözümüzün dibi görsənəcəkdir!
Bax ordan görəcəyik, illərin ilməsini,
Ordan sezəcəyik biz
Bu kor,
Bu zalım fələyin, zor fələyin…
zorla kələk gəlməsini!…
Ordan eşidəcəyik
içimizdə qıvrılan… haqqın məhkəməsini!!!
Hə, necədir? Hazırsanmı? Di dur onda yola varaq.
Sevişmək yox iraq-iraq!
Gedək, ölmək gərək!
Bu şahid Günəşi, şəhid Günəşi
Gedək, bərabər öpək.
Gedək sərvim, gedək, gedək. Bizim nağıl varaq-varaq.
1980
MƏN GÜLÜRƏM

M.Ə.Sabirə
Toxunur qəlbimə
Kələkötür bir nadan –
Mən gülürəm,
Gülməyi öyrənmişəm binadan, lap olanı anadan –
Mən gülürəm.
Tanıyası olası: Ördəyi, qazı, qutanı,
Yaxud, ayıra bildiyimdən
birini digərindən
Yəni cini, şeytanı, bir də bu moltanını –
Mən gülürəm.
Vay, vay! Baba, vay!
heç elə bil bəşər deyillər,
Kin udub, kin üfürüb, cikkildəşib, şər danışırlar –
Mən gülürəm.
… Böhtanlar, qeybətlər səf kimidir,
Canım evi nişangah, ürəyim hədəf kimidir.
Yağdıran hey yağdırır,
Namxuda sinirlərim dəf kimidir…
Eynimə almayıram xortdanları, cırtdanları,
Baxınız, yaxşı baxız, dişlərim sədəf kimidir! –
Mən gülürəm.
A baba,
Sən bunun, bu kişinin motal kimi qarnına bax,
Daz başı, kamodpaça qılçasına,
Üçcə qarış boyuna bax.
Qoluna girmiş olan “Qaz qızı”,
Cümləcahan yarına bax,
İndi gəl, göftarına, arına bax!
Mən gülürəm.
Hələ sən bu arvadın zəhər yağan sifətinə,
Sözünə, söhbətinə, keçmişinə, yaşına bax!
Gülbacı, Məmmədtağı, Fatmanısa nə işimə,
Sən canun, yazı yazan, cümlə pozan naşıya bax! –
Gözünün kölgəsinə, alnının ləkəsinə
atılan oxuna bax,
hikkəsinə, daşına bax! –
Mən gülürəm.
O qədər ki gülürəm, gülməkdən sərxoş oluram,
Önümə pillə gəlir, yüksəlirəm, qəşş edirəm –
Mən gülürəm.
Turşumuş üz gözlərə göz dağıyam,
billahi lap, güllə kimi tuş oluram,
uğunub keçinməkdən, tirtab düşüb,
İndi də bihuş oluram, ölməyirəm,
Mən gülürəm.
Olmuşam şad, xürrəm, şən –
Mən gülürəm.
Pah atonnan! Mən ölüm, sən buna bax!!!
Tüklərimdir ürpəşən,
Baba,
Büsbütün ruh və bədəndir titrəşən,
çarəsizəm
hönkürüb ağlayıram –
gözümü bağlayıram –
Mən gülürəm.
1985
HƏRRAC OLMALI BU TƏLƏ

Ey, siz! Başımızı gic, tükümüzü vic-vic edənlər!
Bir ovucsuz, bir ovuc, ziyanəvərlər!
Bir ovucun içində sıxılacaqsız.
Bir ovucsuz, bir ovuc, ziyan verənlər!
Taxtınız üstündən yıxılacaqsız;
Torpağı aldatmısız,
Torpağı dən bilib arıtdatmısız!
Bu torpağın bağrını siz çatdatmısız! –
Gözümüzün içinə yalan üfürdünüz siz,
Tarixin çərxini tərsinə hərlətdiniz.
Nə tanrı tanıdınız, nə bəndəsini,
Nə həsrət qandınız, nə hicran səsi,
Nə yolu düşündüz, nə də yolçunu
Dağı da, daşı da siz çərlətdiniz!
Torpaq keçməyəcək günahınızdan,
Axır bir qənimə gələcəksiniz,
Nə taxt?!?
Torpağın üstündən yıxılacaqsız!

Ey, siz! Səsimizi boğub, beynimizi gicəllədənlər!
Axı sizi kim doğmuş?
Bu torpağın üstünə sizləri kim doldurmuş?
Ürəyiniz varmı görən? Nə varsa tapdamısız!
Siz «Vətən!» sözüylə alver etmisiz,
Vətən göynəmini hardan biləsiz,
Vətən kölgəsində kölgələnmisiz! –
Küpləriniz yer altında tənginəfəs.
Vəzifəniz sinənizə canlı qəfəs;
Siz ana südünə haram qatmısız –
Ana öyüdünü, ana dilini
Küləş tək süpürüb, silib atmısız!
«K çortu» demisiz, «terpi» demisiz,
yersiz ocaqlara yelpik vermisiz!
Siz hardan biləsiz bəbək nədir, kölgə nə?
Ürək nədir, dilək nədir, kəfən nə?
Axı necə biləsiz, torpaq nədir, bölük nə,
Əcdad nədir, ləkə nədir, vətən nə?

Ey, siz! Ömrümüzü-günümüzü girinc edənlər!
Sizi deyirəm, sizi! – Başyazar, Başpozar ziyanəvərlər!
Söz qovub, cümlə boğub, elmə ziyan verənlər!
Özünüzün aşiqisiz, bu yolda əldən düşmüsüz! –
Ağ kağızı mürəkkəblə boşuna yaşlamısız
Xəttinizi… beynimizə zor ilə tuşlamısız!
Hər şey zora tabe olmur, olmuyur ancaq,
hər şey bu cürə boğulmur, boğulmayacaq, ancaq!
Oğullar var, oğullar!.. haqq yolunda qovrulurlar!..
Siz onları üzdəniraq, dördayaqlı bilmisiz,
qapınızda zing-zing zingildətmisiniz!
Siz haqqın ağzına daş basmışsınız!
Siz bəyaz yollarda Gün… işığından
Olub ki, gözükor yarasa kimi
Yan ötüp, gizlənib, yaşınmısınız!
Nə bilmisiz, bu haqq hesabla
Qeyrət də yaşayır, qan yaddaşı da,
Cürət də ölməzdir, el savaşı da!…

Ey, siz! Özlərini el içində gülünc edənlər!
Ürəyinin, vicdanının önlərində gedənlər!
Bəllidir gərdişiniz. Keçməz daha işiniz!
Sizin yolları otlar basıbdır,
Bir güclü dağ seli basmalayıbdır
Təsliminiz bəyan gərək, biçilməli, biçilməli,
Lüğətlərdən biçilməli
həm «zər»iniz, həm «züy»ünüz, həm «zor»unuz!
Dirçəlməli. Dirçəlməli! Siqlətlərdən dirçəlməli
«haqq», «ədalət» və «doğru»muz!
E-he, he, he, he, hey!… Qərib düşüb, qərib gəzib itən oğullar!
E-he, he, he, he, hey!… Qapılar dalında pörtən oğullar!…
A dədə-oğullar, Vətən-oğullar! Gəlin, gəlin!
Gəlin, gəlin! Gec deyil hələ. Verək əl-ələ,
Sökülməli, dağılmalı, hərrac olmalı bu tələ!!
1985
BU DƏRDLƏRİ NİYƏ, HARA SÜRÜYƏSİYƏM

Özün qoru, qoru allahım, qoru
Süngülərdən, səngərlərdən, topdan, atomdan,
Qoru qəfil yanğından!…
Lənət şərə, şər deməsən, xeyir gəlməz.
Olmadı elə, oldu belə.
yazıq torpaq! Sinən necə cücərəcək?
Buğdaları kim becərib, kim yığacaq?
Bir məhşər gününün çəkçevirindən
Sağ-salamat çıxar olsaq,
Günəş görsək, Günəş telində görsənsək
Hansı rəngdə olasıdı dərimiz?
Hansı ahəngdə olacaq səsimiz?
Hansı dildə danışacağıq?
hara, hansı diyara,
yenə necə,
nə cür daşınacağıq?!
Əllərimiz, ürəyimiz olacaqmı?
Sevgi necə? Eşq-meşqdən əsər,
Surəti-əllamə-zad
boylanacaqmı?
Damlarının altı nə yerdə qalası, ay oba hey!..
Körpəcələr
Sevgilərdən dirçələr, məqsəd güdən nikahdan?
Cavab söylə,
sevgilərsiz mayalanmış «övladların» –
ətcə-mətcələr…
yurdun karınamı gələr?! Şöhrət güdər, qeyrət güdər?
Qeyrət ha! Görən yada düşəcəkmi?
Qardaş qardaş ilə görüşəcəkmi?
Həsrət necə? Bağrını kim dələcək?
Düz 170 il 2 min gecə
Beləcə… “Gülüstani-kəmənd” içrə
elə hey göynəyəcək,
Yoxsa bir gün “amin!” deyə, göylərdə cövlan edəcək?
Minbərlərdən haray çəkən avazlar
Halımıza yanacaq,
Və ya üsuli-cəhd ilə qulaq deşəcək?
“Tarixçilər” təzə bir söz deyəcək,
Yoxsa yenə gor eşəcək?
Dədə vay! Şeytana papuş tikən mindilli qulbeçələr
Görən yenə dirçələr?
Yenə kələk gələcək, yumruq altda əziləcək?
Bütün bu işlərdən sonra,
zühr edərsə şeir yazan bir sərsəri
Başını birəlli tutar, ikiəlli?
Sərbəst yazar, qafiyəli?
Güldən, bülbüldən, yardan, xoş gündən yazar,
bada getmiş ömürdən?
Əcəba, İşlər bu yerə yetincə, baş redaktor yetişincə
Kölgəsindən qorxub qaçanmı olar, haqqa qapı açanmı?
Tənqid, üstəgəl hədəflər! Bu radikal altında
Yenə kimlər əziləcək?
Yenə eyni müəlliflər, yetim-yesir “həriflər”,
Və ya əzizxələflər?..
Növbə necə?”Ağ qanadlı”kitablar…
Səkkiz ilə çıxar, ya səkkiz aya?
Yoxsa işlər yenə bu cür qalacaq, ayə?!
Bu təmənnada əgər, qəmli şeirlər yazılarsa,
oxunmasına
Barı Füzuli meydanından
İzn veriləcəkmi?..
Bəbəyimizin kədəri, ağ yolların ağ izi görünəcəkmi?
… Ləl cəvahirim, ən parlaq üzüyüm, YER ÜZÜM!
Tük üstündə durub dünya. De ki haqqa-imana gəlsinlər.
Tük üstündə duran dünyada, canavar tək cana varıb,
bəndələrin … bir-birini təkləməsinlər!
“Təklə-məkan”*… qalarıq. Nə varsa xərcləmişik.
Olanları-qalanları bu cür hərcmərclik ilə
Özümü öz əlimizlə, dərə dibinə salarıq!
Sözdü dedim.
Mən də elə bu dünyanın bir kiçicik parasıyam.
Gündüzləri öz yükümün hambalıyamsa,

*Təklə-məkan- Çində uyğur eli.

Gecələri sarban olub, bu dərdləri axı neyçün,
Hara, niyə, nə vaxtadək sürüb aparasıyam?!…
1983
ƏSİR DÜŞƏN SƏRÇƏNİN HEKAYƏTİ

… Əsir düşdü bu quş mənə,
Gəldi düşdü əllərimə.
Ovuc boyda bir quşdu,
Sinədənmi vurulmuşdu,
«Dən döyüşü»davasında
basılıb məğlub olmuşdu?
Heç cür baş aça bilmədim,
Yonuq-yonuq olmuşdu!
Amma zil qara gözləri
dip-diriydi,
Çevik-çevik
sağa-sola çevrilirdi.
Adı Sərçə idi,
cik-cik cikkildəyirdi,
Özü ovcumdan kiçikdi,
hərbə-zorba gəlirdi. –
Zərif, sıcaq caynağını
var gücüylə ilişdirir,
Dimdiyini işlədir,
Dişləyir, didişdirir,
Əllərimin ətin didir,
zorla azadlıq istəyir,
məni burax deyirdi!
… Ax oğul, ax oğul!!!
Bəs niyə sən,
Səni əsir edənə
Mədhiyyə deyirsən?
Yaltaqlanıb büzüşür,
Üst-üstə əsir düşürsən?
Çünki sən,
bir sərçə qədər deyilsən!
«Olum, ya ölüm»deyə
döyüşürdü o sərçə.
«Cik-cikli» bir söyüş ilə
söyüşürdü o sərçə.
Sərçəyə bax, sərçəyə!
Cəsarəti divcəyə! …
…Açdım ovuclarımı,
Əfsus..
Sinəsindən vurulmuşdu.
Heç də yarasından deyil,
Əsirlikdən tüğyan edən
o sərcəçik
Köks ötürüb
boğulmuşdu!
1988
JALƏMƏ

Kimin gözlərinin almazlarıydı bu belə,
İşartısı qamaşdırdı dünyanı?
Kimin dodaqlarının təbəssümüydü, bu belə,
Çəhrayısı çaşdırdı dünyanı?
Qızım, quzum, çəmənim Jaləmin!
Məktəbinə-dərsinə bir çanta əvəzinə
İki çanta dəftər-kitab daşıyan çiçəyim,
Əlaçı göyçəyimin təbəssümüdür, bu belə!
Oy, sən mənim qu quşum! Bitməyən düşüncəm…
İncidər çiyinlərini İTAƏT!… Qorxuram, balacam,
Mən səni gələcəkdə Dövlətin
“farağat çinovniki” – məmuru deyil də,
Mən səni Dövlətin içində
“Adam!” görmək istəyirəm, əvvəlcə! Mələyim…
Yəni ki, içəri qəhərləri daha asan qavrayan
Həssas(!)… bir inikas, insanı çərlətməyən Möcüzə –
Təzə İnsan arzu edirəm səni!
…Oy, mən bildim nə dedim, bitməyən düşüncəm…
Gözləri almaz qamaşı,
Qu quşum! Büllurum!
O Mehrabdan ucalasan, inşallah!
Ən göyçək Jaləciy…
5 oktyabr 1978
CAN DURNALAR, QORXURSUZMU?

Ölüm elə məni görüm,
qocaltdı durnalar məni.

Ordan bura, burdan ora köçə-köçə,
heçə-puça gedir axı
çətin hörülmüş yuvalar.

Neçin cəhd edir onlar
tərki-vətən olmağa
Neçin axı geri baxmır,
köçəndə qərib durnalar?

Qorxurlarmı?… Yuxuda diksinirlərmi?
Can durnalar, qorxursuzmu?
Yuxuda diksinirsizmi?
Onda məni də aparın…

Qadanızı alım elə,
Ağam Əbülfəz haqqı
heç bır dəfə də demərəm:
“qayıdarsız bir də haçan durnalar!”…
27 oktyabr 2002

HƏNƏK

Nolar, Qurbanolduğum,
Yuxarıdan aşağı
bir kərə huylansanam!
Bir kərə də
Qayım qulaylansanam!
Huylanıb-qulaylanıb,
bunların hamısını
qovzayıb başından yuxarı
bir kərəmə cəhənnəmə vasil edib
beynimizi-başımızı, yediyimiz çörəyi,
suyu, havanı, döşəmə-tavanı
bu “Əcinnə… Dəstəsi”-
“Küy Ordusu” sifətindən,
Əntiqfüruş “natiqlərdən”
bir kərəmə azad edib,
bizi rahat buraxsanam!!!
Nolar, Qurbanolduğum,
Homer yapdı ye bunu!
Onunçun da Yunan onun
Bəbəksiz heykəlini
Basdı ötürdü, bizə,
Səninkini dikəltmədi!
Onunçun da bizdə yalnız
bir heykəl dikəlmədə…
Səninkini yada salmaq?
Elə şey yoxdu bizdə, a pəyandaz olduğum!
Bir huylan!!!
Heç olmasa hənək-hənək
axırda bir dəyənək yapsanam!
Nolar, Qurbanolduğum,
Ölür ömrümüz-günümüz,
vaxtımız…
Belə bizim taxtımıza, baxtımıza min yazıq!
A, Qırbanolduğum!
BƏS KİMDƏN DANIŞAQ?

Nuşu nənə şəkərbura bükə bükə
deyir ki:
Adəm ilə Həvvanın çağında
Bütün kişi mələklər
tumançaq gəzərmiş.
Buluddan yaşmaq tutub,
Bulud pəncərəsindən pusanda,
Həvva da uduzmadı.
Kişiyə ərə getdi.
Bənövşə soruşdu:
Elədirsə, bəs onda
Həvva niyə qarnından
On faiz Adəm balası,
həştad faiz
şikəst boşaltdı Yerə?
– Ay balam, sözdü də… Fırlandı…
Bəs kimdən danışaq?

GƏLİRLƏR

Əstəğfürullax, Xudam!
Nərdivan qoyublar,
Sənə doğru çıxırlar!
Pillələri cunquli fıştırığı,
bombarabatay qumbara,
zınqırov, dümbeylə qalxırlar
Basabasdır pillələr
Ehey…. Kişi!
Milyard yaşlı göydəki
Özündən muğayat ol,
Gəlirlər…

2003

ƏSİR DÜŞƏN SƏRÇƏNİN HEKAYƏTİ

… Əsir düşdü bu quş mənə,
Gəldi düşdü əllərimə.
Ovuc boyda bir quşdu,
Sinədənmi vurulmuşdu,
«Dən döyüşü»davasında
basılıb məğlub olmuşdu?
Heç cür baş aça bilmədim,
Yonuq-yonuq olmuşdu!
Amma zil qara gözləri
dip-diriydi,
Çevik-çevik
sağa-sola çevrilirdi.
Adı Sərçə idi,
cik-cik cikkildəyirdi,
Özü ovcumdan kiçikdi,
hərbə-zorba gəlirdi. –
Zərif, sıcaq caynağını
var gücüylə ilişdirir,
Dimdiyini işlədir,
Dişləyir, didişdirir,
Əllərimin ətin didir,
zorla azadlıq istəyir,
məni burax deyirdi!
… Ax oğul, ax oğul!!!
Bəs niyə sən,
Səni əsir edənə
Mədhiyyə deyirsən?
Yaltaqlanıb büzüşür,
Üst-üstə əsir düşürsən?
Çünki sən,
bir sərçə qədər deyilsən!
«Olum, ya ölüm»deyə
döyüşürdü o sərçə.
«Cik-cikli» bir söyüş ilə
söyüşürdü o sərçə.
Sərçəyə bax, sərçəyə!
Cəsarəti divcəyə! …
…Açdım ovuclarımı,
Əfsus..
Sinəsindən vurulmuşdu.
Heç də yarasından deyil,
Əsirlikdən tüğyan edən
o sərcəçik
Köks ötürüb
boğulmuşdu!
Ah, əfsus,
O Sərçə-nərçəyə!
Cəsarəti divcəyə!
Hökmümdə olsaydı, əgər
bir mərmər daş oyar,
Ona mən abidə qoyardım.

1988

VƏTƏN!

Səni
ta
qədimdən tanıyıram.
Vətən!
Səni
qədəmindən tanıyıram.
Daş-torpağın bəlli mənə.
Göylərin təsəlli mənə.
Ömür yolun nə göynəmli!
İtib getmiş
bir qarışına da
göynəməli.
Döyüşlərdə
qalxan tutan,
qılınc çəkən,
yadlarına
qan udduran,
toy tutduran
uluların
Bu gün çimirsiz gecələrimdən
boylandılar.
Kişilik! Mərdlik
dəbilqəsindən
mis rənginə
boyandılar.
Vətən!
səni
beşik başındakı
laylalardan üzmüş idik,
üzəcəyik!
Vətən!
Sənin
qapılarmı
dəmirlərdən düzmüş idik,
düzəcəyik!

BİR YIRĞALI NƏNNİYLƏ GEDƏCƏYİK DÜNYADAN

Bu dünyaya gəlişi
bir yırğalı nənni ilə başlanan insan!
Bir yırğalı nənniylə də
gedəcəyik dünyadan.
Kiçik nənnimizdə insan gəlişi,
Böyük nənnimizdə insan gedişi…
Bu qoca dünyadan
bir ağacı yonub
bu nənnini qayıran da özümüzük,
laylasına
əzəl bayatı söyləyib,
sonra ağı deyib
bir acı göynəm ilə
toprağın rişəsindən
ayıran da özümüzük.
Qoruyaq dünyamızı
qıl körpülü ömürlərdən
qoruyaq, insanlar, qoruyaq!
Əsla yamanlıq deyil,
yaxşılıq arayaq.
Kürəmiz ki, sudan boldur,
artıq yaşla dolmasın.
Kürəmizin gedişi kədər
Böyük nənniləri lazım olmasın.

MƏNƏ SOYUQDUR, GÜNƏŞ…

Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
… Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!……
Yerdə mənə yaman soyuqdur, Günəş!

OX, XUDAVƏNDİN DİVANƏ MƏXLUQU!
(İndi üzərində düşmən gəzən torpağımza)

Qayıtma, qartal, qayıtma!
Qayıtma, qoca qartal, qayıtma!
O qaya daha səninki deyil!
Artıq orda
sənin çətirli yuvanda
çil-çil… ala qarğalar
yumurtalar qoydular.
Qayıtma, qoca qartal,qayıtma!
Pərişan olarsan.
Axı yuvan indi orda –
dağınıq… və məşum!..
…Ox, Xudavəndin divanə məxluqu,
Asimanda bir zaman
Vıyıldayan ən hündür havalı!
Yox, qayıtma! Dərd verər sarsıntı.
Axı sənin çəpərsiz o Qaya Məskənini
Özəlləşdirdi artıq qarıltılar hasarı!-
…Bəli, bəli, başdan-başa vahimədir,
Qar-qardan savayı qandıqları
olmayan həyat bihudələri!
…Oy, qartal!
Qayalar füsunu!
Elə məhzun zillənmə! Binəva!..
Yoxdur daha sənin o Ulu Yuvan!
Ağlatma!..
Ağlatma qoca qartal!..
Ağlatma…

2014

APAR MƏNİ, APAR

Mən gedirəm axar çaya deyəm ki,
Mənim sadiq yarım ol,
Al məni də qoynuna,
apar get.

Mən gedirəm axar çaya deyəm ki,
Mən burda darıxıram, ögey kimiyəm sanki.
Apar məni uzaqdakı məcrana,
Ört üstümü çınqıl-mərcanlarınla,
Apar, get.
Könül yaman sıxılır…

Apar get, ən dərin dəryaçana
O sözü də…pıçılda sən ona.
De ki, asimanla aranızda qalacaq
Mənim sənə sonuncu dediklərim.

Apar get…
Apar, apar,
Yadlardan yorulmuşam, aşiyan ol,
Sərinlik istəyir can…
Apar, məni də apar!
Daha könül qəhr edir.
Apar, apar!
Axar çay…

2014

DÜNYA ÇIXIB YADIMDAN

Tanrım, bağışla məni,
dünya çıxıb yadımdan.
Heç bilmirəm səma harda, yer harda?
İnsanlar hardadır, mən harda?
Təkcə İsa Məsihin
Çaharmıx edamında o saralan çöhrəsi
Asılıb eyvanımdan, çökür bəbəklərimə,
Çəkilmir xəyalımdan.
Bir də ki, zavallının
“canım ölümcül dərəcə kədərlidir”-naləsi!
Nisgil təbili döyür mənim
mütəəssir… qulaqlarımda…

2014
QALX GEDƏK EVİMİZƏ…

Nə dalğın dalmısan,
Üzü dumanlı dənizə.
Keçib əyləşsəm yanında,
Məni sezə bilərmisən?

Əmin ol, soruşmaram,
soruşmaram mən səndən
Necəsən?
Ruzigarın hansı yerdə?

Lakin dünən sən röyamda
Gözlərimdən öpərək
Hönkürüb soruşmuşdun:
Ne-cə-sən?.. Məni bağışlayarsanmı?
Mən cavab verməyəndə
Sən o məşum yuxuda
Yağışlı asimana qarışanda
Pıçıldamışdın deyəsən mənimçin yavaşdan:
“Pərvərdigara, Tanrım, o necə də qocalıb,
bu odurmu?” demişdın.

Hə, mənəm, yanında əyləşən,
Yalqızlığa təhvil verib getdiyin
“Tanrısının mərhəmət ilahəsi!”
– çağırdığın biçarə!
Hə, mənəm! Pərişanam,
Elə mən də bir səninçin dərin qüssədə!
…Ox, qalx gedək…yağışlı asimana-
o talvarın altına! – Evimizə!..
Yuyum orda gözlərinin nəmini,
Əl gəzdirim saçlarının qəminə,
bir Allah eşqi üçün!
Ancaq soruşmayacağam mən səndən:
Ne-cə-sən..?
Əmin… ol…
…Ox, qalx gedək… yağışlı asimana-
o talvarın altına! – Evimizə!..

2014

ƏLLƏRİM YOXDUR

Yoxdur könül bağça-bağım,
qönçə yoxdur, ləçək yoxdur,
yoxdur şəbgül çiçəklərim,
anam yoxdur, atam yoxdur,
dağılıbdır böyük tifaq,
yoxdur quyu ehtivalar.

Əllərimi uzadıram,
Yoxdur hündür bağça-bağım,
qızılgüllər onlar deyil,
yoxa çıxıb qızıl qəfəs,
bülbül yoxdur, tikan yoxdur,
tor əlcəyim tiftik-tiftik…
altında əllərim yoxdur.

2003
ÇAĞIRIB ÇAĞIRIB GEDİBLƏR

O gedən
saraydır…
Yeriyir, yıxılır, itib-batır dumanda,
Qalxır, yenə ağarır, yeriyir, dərd
verir…
O gedən haraydır!..
Yaxılır, dağılır, itib-batır dumanda,
oyanır, çağırır çən içi!.. Dərd verir…

O gedən
gedənlərimdir mənim!
Mehrabım, dərgahım, şəhrü-yarım, həmşərim,
Həmşəhərli didələrim, dədələrimdir mənim.

Gedənlər
könül abidələrim!-
səcdəgahım, can evim, tayfam-tuyfam,
qollarım, bədənim, əlllərimdir mənim!..
Ah, eyvah!..
Çağırıb, çağırıb… gediblər.

Paylaş: