Həyatı

QULİYEVA NURƏNGİZ XUDADAD QIZI
(Nurəngiz Gün)
SSRI Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
1938-ci il sentyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Mədəniyyət və İncəsənət Universitetini (M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu) bitirmişdir.
1960-1974-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışmış, Azərbaycan radiosunun və televiziyasının ilk diktorlarından olmuşdur. Azərbaycan televiziyasında onlarla proqramın – “Səadət” qadınlar proqramının, “Klassik irsimizdən” ədəbi-bədii layihəsinin, “Poeziya buketi, nəğmə çələngi” verilişinin və digər verilişlərin aparıcısı olmuşdur.
1979-1984-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.
Ədəbiyyata “Tanrı bəşər övladıdır” povesti ilə gəlmişdir (1981-ci il, “Ulduz” jurnalı №4).
Daha sonrakı illərdə mətbuatda şeirləri və ardıcıl olaraq dərc edilmiş iri həcmli əsərləri – “Əsrin son yuxusu”, “Ağ qanadlar”, “Salamat ol, Ağca yol”, “Quzey Kıbrıs rüzgarları”, “Qar romanı”, “Xocalı simfoniyası” poemaları, “Əbədi və əsrarəngiz” silsilə sonetləri, “Ən hündür çiçək təpəsi və qar quyu”, “Qırmızı gecə” povest və hekayələri, publisist yazılar, pamfletlər, teatr resenziyaları ilə çıxış etmişdir. Müasir Azərbaycan poeziyasında yeganə qadın şairədir ki, yaradıcılığı boyu 10 poema və sonet yazmışdır. Bəşəriyyəti dərindən narahat edən ədalətsiz müharibələrə, haqsız münaqişələrə həsr edilmiş bu əsərlərin hər birində dünyaya və insanlığa humanizm duyğuları aşılanır, vətənə və torpağa dərindən bağlılıq hisslərinin aliliyi tərənnüm edilir, personajların diliylə cəmiyyətə çox əhəmiyyətli mesajlar göndərilir.
Şeirləri Türkiyədə nəşr olunan “Çağrı”, “Aksu”, “İçel kültürü”, “Sizə”, “Tanıtım”, “Dəfnə”, “Üçüncü yeni” jurnallarında və “İstiqbal”, “24 saat”, “Günəş” qəzetlərinin səhifələrində dərc edilmişdir.
1992-ci il iyun ayında Türksoyun Ankarada keçirilən ilk qurultayının Azərbaycan tərəfindən ilk və yeganə iştirakçısı olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət nümayəndə heyətinin tərkibində Bursada Türkdilli Xalqların 6-cı qurultayında iştirak etmişdir. 2005-ci ildə Dünya Azərbaycanlıları Konqresinin İsveçdə keçirilən Qurultayının iştirakçısı olmuşdur. Həmin Qurultayda “Xocalı simfoniyası” poeması əsasında Lider TV tərəfindən ekranlaşdırılan və müəllifin özü tərəfindən səsləndirilən film nümayiş etdirilmişdir.
Əsrin ən böyük faciələrindən olan, Azərbaycan xalqının əbədi dərdi Xocalı qətliamının Nurəngiz Gün tərəfindən böyük yanğıyla qələmə alındığı və faciəmizə həsr edilmiş ilk bədii əsər olan “Xocalı simfoniyası” poeması 2004-cü ildə Lider Televiziyası, 2008-ci ildə Azərbaycan İctimai Televiziyası tərəfindən səhnələşdirilmişdir. 2011-ci ildə isə “Xocalı Simfoniyası” poeması Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yeni versiyada hazırlanaraq sənədli-publisistik film kimi ekran həyatı qazanmışdır. Nurəngiz Günün 2-ci Dünya müharibəsinin dəhşətlərindən və bu müharibədə Azərbaycan xalqının verdiyi itkilərdən, göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Salamat ol, Ağca yol” poeması 1985-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsi tərəfindən müəllifin öz ifasında səsləndirilərək lentə alınmış və radionun qızıl fondunda saxlanmaqdadır. Həmin poema 2012-ci ildə Az.TV tərəfindən ekranlaşdırılaraq səhnə həyatı qazanmışdır. Nurəngiz Günün dünya şöhrətli oftalmoloq, böyük ziyalı Zərifə xanım Əliyevaya həsr etdiyi “İncilər” şeiri, mərhumun anım günü münasibətiylə “Lider” televiziyasında hazırlanan verilişdə səsləndirilmişdir.
Nurəngiz Gün bir çox milli və beynəlxalq mükafatların laureatıdır.
Belə ki, şairənin Yuqoslaviyada Novo-Makedoniya nəşriyyatı tərəfindən buraxılan “Səslər” adlı dünya almanaxında çap olunmuş doqquz şeiri 1987-ci ildə Üsküpdə “Yaşıl bulaq” mükafatı ilə təltif edilmişdir. Nurəngiz Gün 2005-ci ildə “Humay” Beynəlxalq mükafatının laureatı olmuşdur. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi (Marneuli şəhəri) 2006-ci ildə şairəni fəxri fərmanla təltif etmişdir. 2009-cu ildə “Xocalı simfoniyası” poemasına görə Mahmud Kaşgari Fondunun mükafatını almışdır. 2014-cü ilin yanvar ayında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Türk Ədəbiyyatına Xidmət Beynəlxalq mükafatı ilə təltif edilmişdir və s.
2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Prezident Təqaüdünə layiq görülmüşdür.
20 dekabr 2014-cü ildə vəfat etmişdir. Azərbaycan Yazıçılar Birliyi tərəfindən 2015-ci ildə keçirilən V Azərbaycan Ümumrespublika Şairlər Günü festivalı mərhum şairənin xatirəsinə həsr edilmişdir.
Nəşr olunan kitabları:
1. “Tanrı bəşər övladıdır” (povest və hekayə), Bakı,“Gənclik” nəşriyyatı,1984-cü il
2. “Ağ qanadlar” (şeirlər və poema), Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il
3. “Günəşə dua” (şeirlər və poema), Bakı, “Yazıçı nəşriyyatı”, 1990-cı il
4. “Yol gedirəm” (şeirlər və poemalar), Bakı, “Adiloğlu” nəşriyyatı, 2004- ci il.
5. “Xocalı Simfonyası” (poema), Bakı, “Vektor” nəşrlər evi, 2006-ci il
6. “Povestlər və hekayələr”, Bakı, “Vektor” nəşrlər evi, 2007-ci il
7. “Mənim o ağ çiçəklərim”, Bakı, “Mütərcim” nəşriyyatı 2009-cu il
8. “Qalanlara”, Bakı, ”Mütərcim” tərcümə və nəşriyyat poliqrafiya mərkəzi,2015-ci il
SOY NƏSİL TARİXÇƏSİ
Nurəngiz Günün hər iki babası özündə milli ruh gəzdirmiş tarixi şəxsiyytlərdir. Ata babası-Bəşir bəy Qulubəyov dövlət məmuru olmaqla yanaşı, sürətli ruslaşma dövrü ilə kəskin münasibətdə dayanmış və bu barışmaz mövqeyinə görə 1918-ci ildə rus generalı tərəfindən güllələnmişdir.
Ana babası- görkəmli ziyalı, Hüseyn Cavidin dostu, dövrünün məşhur həkimi Hacızadə Mizə Ələkbər əfəndi 1937-ci ilin “pantürkist” damğalı qurbanıdır. O, həm də Nəriman Nərimanovun yaxın dostu olmuşdur.
Nəslin növbəti qurbanları Nurəngiz Günün Təbrizdə yaşamış iki dayısıdır. Hacızadə Mirzə Ələkbər əfəndinin iki oğlundan biri-Ağa Səlim Hacızadə 1946-cı ildə İranda şah rejiminə qarşı çıxan Cənubi Azərbaycan Demokrat Firqəsinin tərkibində Bakıya pənah gətirmiş və sonra “100 demokrat-100 ən qatı sovet düşməni” kimi Sibirə sürgün edilmişdir. Onun digər oğlu – Ağa Kərim Hacızadə isə həyatını bütöv Azərbaycan uğrunda mübarizəyə həsr etmişdir. Məzarı Təbrizdə olan, əsərləri Təbrizdən Avropaya qədər tanınan şöhrətli Azərbaycan rəssamıdır.
Nurəngiz Günün həm ata, həm də ana babası əslən Güney Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərindəndirlər. Ana nənəsi isə Bakı kəndlərindən (Buzovna, Maştağa) olub. Hazırda Təbrizdə, Ərdəbildə qohumları yaşamaqdadırlar.

Paylaş: